Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Karateçilərimiz “Baku open” turnirinin ilk günündə 3 qızıl, 2 gümüş medala sahib olublar

11 Mart 2017
Bakı İdman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq “Baku open” turnirinin martın 11-də açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov turnirdə iştirak edən müxtəlif ölkələrdən olan idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki, AKF artıq 20 ildir Dünya Karate Federasiyasının üzvüdür. Federasiya bu illər ərzində bir çox mühüm uğurlara imza atıb, karateçilərimiz mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanıblar.

Y.Bəşirov karateçilərimizin qarşıdan gələn yarışlarda - “Dubay open” turnirində, IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci il XXXI Tokio Yay Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək ölkəmizə medalla qayıdacaqlarına əminliyini bildirib.

Sonra yarışda təmsil olunan xarici ölkələrin müvafiq federasiyalarının təmsilçilərinə diplom və medalları təqdim edilib.

Açılış mərasimindən sonra turnirin final oyunlarına start verilib. Final qarşılaşmalarını da uğurla başa vuran Azərbaycan idmançıları – Asiman Qurbanlı (84 kq), Pənah Abdullayev (84 kq-dək), Fəridə Əliyeva (68 kq) qızıl medallara sahib olublar. Finalda Asiman Qurbanlıya uduzan Şahin Atamov (84 kq), eləcə də Zaur Məmmədli (84 kq-dək) turniri gümüş medallarla başa vurublar.

Azərbaycanın bir çox regionlarından, eləcə də Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Slovakiya, Gürcüstandan ümumilikdə 360 idmançının iştirak etdiyi beynəlxalq turnirə martın 12-də yekun vurulacaq.