Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məcburi köçkünlərin sosial müdafiəsi daha da gücləndirilir

11 Mart 2017
 

Birinci vitse-prezident Mehriban Əliyevanın ilk müşavirəni məcburi köçkünlərin problemlərinə həsr etməsi böyük razılıqla qarşılandı

 

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanlar tərəfindən çox yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə də doğma torpaqlarından didərgin düşən soydaşlarımızın problemlərinin daim diqqət mərkəzində saxlanıldığını göstərdi.
Müşavirədə bir daha təsdiq olundu ki, məcburi köçkünlərin həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarətində saxladığı məsələdir və bu istiqamətdə davamlı tədbirlər görülür. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilmiş əlavələr və digər normativ aktlar uğurla icra olunub və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.
Uğurlu sosial-iqtisadi siyasət ölkənin bütün sahələrdə dinamik inkişafı ilə yanaşı, bu təbəqədən olan insanların problemlərinin həlli istiqamətində də mühüm irəliləyişlərə nail olunmasına imkan verib. İndiyə qədər məcburi köçkünlər üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb, 250 min qaçqının və məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib. Amma məcburi köçkünlərin mənzil problemi təkcə dövlət tərəfindən inşa olunan ev və binalar hesabına həll olunmur. Məlumdur ki, dövlət başçısının 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi sosial evlərin inşası istiqamətində mühüm addımlar atır və əhalinin konkret təbəqələri tezliklə güzəştli qiymətlərlə mənzil sahibi olacaqlar. Bu güzəşt kateqoriyasına məcburi köçkünlər də aiddir. Bütün bunlar digər ölkə vətəndaşları kimi məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial siyasətin məntiqi davamı sayıla bilər.
Məcburi köçkünlərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirləri indi bu qəbildən olan insanlar arasında əmək fəaliyyəti ilə məşğul olanların sayında da böyük artım yaşanması ilə müşayiət olunur. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, əhalinin özünüməşğulluğunun təmin olunması istiqamətində proqram icra olunur. Aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına şərait yaradan bu proqramın əhatə etdiyi insanlar arasında məcburi köçkünlər də var. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixində imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı bu baxımdan son dərəcə əhəmiyyətli sənəd oldu.
Strateji “yol xəritəsi”ndə yer alan digər vacib məqamlardan biri qeyd olunduğu kimi, məcburi köçkünlər də daxil olmaqla əhalinin maddi rifah halını yüksəldəcək sosial siyasətin daha geniş miqyasda davam etdirilməsidir. İndiyə qədər bu istiqamətdə zəruri addımlar atılıb. Məsələn, son 13 il ərzində məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Onların problemlərinin həlli ilə bağlı digər sahələrdə də əhəmiyyətli işlər görülüb.

Bunlara paralel olaraq, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında yoxsulluq kəskin şəkildə azalıb. Bir faktı qeyd edək ki, məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
Birinci vitse-prezident Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bildirib: “Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.
Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.
Ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır.
Birinci vitse-prezident müşavirədə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrin tezliklə yeni mənzillərə köçürülməsi üçün konkret tapşırıqlarını verdi. Dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etmək üçün ən qısa vaxtda vəsait ayrılaraq yüksək keyfiyyətli binaların tikilməsi qarşıya məqsəd kimi qoyulub.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturunun və orada yaşayan Azərbaycan vətəndaşlarının məişət şəraitinin yaxşılaşdırılmasını da daim diqqət mərkəzində saxlayır. Azərbaycan Ordusunun ötən il aprel döyüşlərindəki qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin sakinlərinin də torpaq həsrətinə son qoyuldu. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən bu yaşayış məntəqəsi bərpa olunacaq, orada yaşamaq üçün infrastruktur yaradılacaq və insanlar öz doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Böyük qayıdışın başlanğıcı olan bu sərəncam xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş xəbər oldu. Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Böyük qayıdışın başlanğıcı hesab edilən Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb. Kəndin bərpası ilə bağlı layihələndirmə işləri yekunlaşıb, yaşayış evlərinin, orta məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata keçirilir. Cocuq Mərcanlı Dağlıq Qarabağa böyük qayıdışın başlanğıcıdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilib, bunlarda yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb və bu siyasət davam etdirilir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin təzahürüdür.

Elnur HACALIYEV,
“Azərbaycan”