Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkidə tibbi müayinədən keçənlərin 702 nəfəri ambulator müalicəyə cəlb olunub

10 Mart 2017
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Şəki rayonunda da uğurla icra olunur. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 84 minədək sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Fevralın 15-də başlanan aksiya çərçivəsində artıq 11 mindən çox sakin tibbi müayinədən keçərək öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.

Rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev AZƏRTAC-a bildirib ki, müayinələr əvvəlcədən tərtib olunan cədvəl əsasında aparılır. İlk növbədə Şəki şəhərində yerləşən idarə, müəssisə və təşkilatlarda çalışanlar müayinəyə cəlb olunublar. Bir neçə gün əvvəl kənd əhalisi də bu xeyirxah aksiyaya qoşulub.

Poliklinika müdirinin verdiyi məlumata görə, indiyədək müayinə olunanların 702 nəfəri ambulator, 82 nəfəri isə stasionar müalicəyə cəlb olunub. 19 nəfər daha geniş müayinə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun bildirdiyinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, arterial təzyiq və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.

Müayinədən keçən insanlar onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.