Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Taxtakörpü qəsəbəsində 1545 nəfər laçınlı məcburi köçkün kütləvi pulsuz tibbi müayinədən keçib

10 Mart 2017
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam edir.

Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Zahid Əhmədov AZƏRTAC-a bildirib ki, Taxtakörpü ərazisindəki xəstəxananın poliklinika şöbəsində 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bu günədək 14 idarə və müəssisə kollektivi də daxil olmaqla, 1545 nəfər sakin müayinə edilib. Onlardan 300 nəfəri ambulator, 11 nəfəri stasionar müalicəyə cəlb olunub, 11 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Baş həkimin müavini qeyd edib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və digər müayinələrdən keçirilirlər. Bundan başqa, həkim briqadaları tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu humanist aksiya laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanıb. Laçın rayon 37 nömrəli tam orta məktəbin direktoru Səxavət Məmmədov həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək deyib: “Rayonun digər sakinləri kimi məktəbimizin kollektivi də tibbi müayinədən keçdi. Müayinələrin təşkilindən razıyıq. Aksiyanı əhalinin sağlamlığına göstərilən qayğı kimi yüksək qiymətləndirir, bunun üçün dövlətimizin başçısına minnətdarlıq edirik”.

Rayon sakini Süleyman Şahverdiyev isə razılığını belə ifadə edib: “Bu gün xəstəxanaya gələrək müayinə olundum. Artıq sağlamlığım barədə məlumatlıyam. Biz laçınlı gənclər əhalinin sağlamlığının qorunmasına yönələn bu aksiyanı dəstəkləyir və buna görə Prezidentimizə minnətdarıq”.