Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağcabədi rayonunda bu günədək 25 mindən çox sakin kütləvi pulsuz tibbi müayinədən keçirilib

09 Mart 2017
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, fevralın 15-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam etdirilir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Cəsarət Məmmədov AZƏRTAC-a bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən ilk olaraq idarə və müəssisələrin kollektivləri və Ağcabədi şəhərinin sakinləri müayinədən keçirilir. Fevralın 15-dən indiyədək 72 idarə və təşkilatın kollektivi də daxil olmaqla, 25 min 268 nəfər müayinə edilib. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin olunur. Belə ki, müayinə olunan sakinlərdən 104 nəfəri ambulator, 10 nəfəri stasionar müalicəyə cəlb edilib.

Martın 13-dən başlayaraq yüksəkixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaq. Tibbi müayinələrdən ümumilikdə rayonun 18 yaşdan yuxarı 98 min 615 nəfər sakininin keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.