Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oğuz: 34 yaşayış məntəqəsindən 14-də kütləvi pulsuz tibbi müayinələr başa çatıb

07 Mart 2017
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Oğuz rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 15-də başlanan aksiya çərçivəsində bu günədək 9406 nəfər rayon sakini tibbi müayinədən keçib.

Bu barədə AZƏRTAC-a Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov məlumat verib.

Baş həkimin bildirdiyinə görə, Oğuz rayonu üzrə 18 yaşdan yuxarı 31 min 471 nəfər vətəndaşın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi mərkəzi xəstəxananın kollektivi bu məsul aksiyaya çox ciddi hazırlaşıblar. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq var. Xəstəxanalara gəlmək imkanı olmayan sakinləri evlərində müayinə etmək üçün səyyar həkim briqadası da yaradılıb. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, onlar müalicəyə cəlb olunurlar.

Baş həkim qeyd edib ki, rayonun 34 yaşayış məntəqəsindən 14-də tibbi müayinələr artıq başa çatıb. Müayinə olunanların 345 nəfəri ambulator, 94 nəfəri isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 16 nəfər daha geniş müayinə və müalicə almaq üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.

Vətəndaşlar insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.