Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam

07 Mart 2017
Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iclasda iştirak edib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə parlamentin adından təbrik edən Milli Məclisin sədri Oqtay ƏSƏDOV deyib:

-Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də dörd amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.

Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək.

Xanım Mehriban Əliyeva iclasda çıxış edib.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı


-Hörmətli Oqtay müəllim.

Hörmətli millət vəkilləri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.

Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.

Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında, ümumilikdə, 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da on minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.

Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul olundu.

Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun - ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.

Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam. Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək, səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə çox sağ olun.

 

***

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın nitqindən sonra deputatlar çıxış etdilər. Milli Məclisin Sədr müavini Ziyafət Əsgərov xatırlatdı ki, 2016-cı ilin sentyabrın 26-da referendum keçirildi, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edildi. Nəticədə Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı. Bu, idarəetmə mexanizmini təkmilləşdirəcək. Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda, sosial bir dövlətdir. Xanım Mehriban Əliyevanın özünün də dediyi kimi o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaq və Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük töhfə verəcək. 

Z.Əsgərov Mehriban Əliyevanın çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir insan olduğunu vurğuladı. Onun sözlərinə görə, xanım Mehriban Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır. Amnistiya aktlarının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşmasının, eyni zamanda, bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Cəza siyasətinin humanistləşdirilməsi isə dövlətimizin humanist xarakterinə uyğunlaşdırılmasını özündə ehtiva edir. Sözsüz ki, bu sahədə Mehriban xanımın töhfələri daha da çox olacaq. “Mən fürsətdən istifadə edib, Mehriban xanım, bir daha Sizi bu yüksək dövlət vəzifəsinə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram” - deyə, Z.Əsgərov əlavə etdi.
Milli Məclisin Sədr müavini Bahar Muradova da Mehriban xanım Əliyevanı təbrik etdi. Qeyd etdi ki, Mehriban xanım bu gün Milli Məclisin qarşısında bir millət vəkili olaraq hesabatla çıxış etdi. Mən belə hesab edirəm ki, Birinci vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl o, deputat kimi həm xalqa, həm dövlətə, həm də Milli Məclisə hesabatını verdi. Bu, çox gözəl bir ənənədir. Bura deputat kimi gəlmiş, bu binadan Birinci vitse-prezident kimi gedən Mehriban xanım tarixin, zamanın və dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, çox böyük nailiyyətlərlə həyata keçirəcək. Belə olacağına tam əminik. Çünki biz ondan yalnız belə fəaliyyət, xalqa, vətənə belə xidmət görmüşük. Hesab edirəm ki, Mehriban xanımın Heydər Əliyev ideyaları ilə milli-mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığı, işgüzarlığı və prinsipiallığı üz-üzə dayanmış iki dünyanın - Qərblə Şərq sivilizasiyalarının, mədəniyyətlərin bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan düzənin, nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox faydalı bir fəaliyyətdir. Təkcə buna görə Mehriban xanımın adı bütün dünyanın ictimai siyasi tarixinə parlaq hərflərlə yazılıb.
B.Muradova qeyd etdi ki, Mehriban xanım Azərbaycan qadınlarının tarix boyu əldə etdiklərinin üzərinə çox böyük bir uğur gətirdi. O, ali icra hakimiyyəti orqanında yüksək bir vəzifə daşıyıcısıdır və bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu göstərdi. “Siz burada bir vəd verdiniz ki, bundan sonra da Xəzər rayonundan seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz. Bizim də Sizə bir vədimiz var - nəinki Xəzər rayonu, bütün dairələrdə, bütün regionlarda Sizin adınızla göstərilən fəaliyyətdə həmişə yanınızda olacağıq, uğurlarınızdan sevinəcək, problemlərin həllinə birgə qoşulacağıq. Biz Sizə arxayın olduğumuz kimi, Siz də bizə arxayın ola bilərsiniz” - deyə B.Muradova əlavə etdi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə xanım Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu təyinat eyni zamanda, Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür: “Bu təyinat YAP üçün ikiqat sevinclidir. Çünki 2013-cü ildə Mehriban Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi YAP-ın fəaliyyətinə yeni impuls verib”.
Deputatlardan Fəzail İbrahimli, Sahibə Qafarova, Azay Quliyev, Məlahət İbrahimqızı, Rauf Əliyev də çıxış edərək Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdilər. Bildirildi ki, Mehriban Əliyevanın ali dövlət vəzifəsinə təyin olunması ölkə vətəndaşları, dünyada yaşayan soydaşlarımız tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Ona görə ki, Mehriban Əliyeva geniş ictimai-siyasi və beynəlxalq fəaliyyəti ilə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda çox böyük rəğbət qazanıb. Onun I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi üzərinə düşən vəzifənin öhdəsindən çox məharətlə gəldiyi də xüsusi vurğulandı.
Çıxışların sonunda Birinci vitse-prezident Mehriban Əliyeva ona göstərilən rəğbətə və etimada görə hər kəsə təşəkkür etdi.
Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxıldı. Sənədə əsasən, deputat İqbal Nəriman oğlu Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçildi.
İclasda A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlər də səsə qoyularaq qəbul edildi.
Daha sonra Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) illik məruzəsi dinlənildi. Məruzəni ombudsman Elmira Süleymanova təqdim etdi. Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.
Hesabatda qeyd edilib ki, 2016-cı ildə ombudsmana 20 minə yaxın müraciət daxil olub. Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.
Ötən il ədliyyə orqanlarının 28 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər ədliyyə orqanlarından xaric edilib. Müddət ərzində 5 nəfər tutduğu vəzifədən azad olunub. Bundan başqa, Azərbaycanda ötən il ərzində vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub. Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad olunub, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.
Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Fazil Mustafa və Elmira Axundova ombudsmanın hesabatını müsbət qiymətləndirdilər. Sonra ombudsmanın illik məruzə sənədi səsə qoyularaq təsdiq edildi.
Gündəlikdən qalan digər məsələlər martın 10-da keçiriləcək iclasda müzakirə ediləcək.

 

Elgün MƏNSİMOV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”