Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göyçayda 56 yaşayış məntəqəsi kütləvi pulsuz tibbi müayinələrə cəlb edilib

07 Mart 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Göyçayda da həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanasında insanların müayinəsi üçün bütün imkanlar yaradılıb, rentgen, ultrasəs, laborator və digər müayinələr aparılır.

Xəstəxananın baş həkiminin müavini Ləman Hacıyeva AZƏRTAC-a bildirib ki, aksiya çərçivəsində peşəkar həkimlərdən ibarət 6 briqada yaradılıb və onlar kəndlərə ezam olunaraq insanların müayinəsini həyata keçirirlər. Həkimlər indiyədək Alpoud, Yeniarx, Ləkçiplaq, Mırtı, Çərəkə, Bığır kəndlərində sakinləri tibbi müayinə ediblər. Müayinələrin aktivliyini təmin etmək üçün əhali arasında kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır.

Tibbi müayinələrə rayonun 56 yaşayış məntəqəsi cəlb edilib. Rayon mərkəzində 2 və kəndlərdə 11 müayinə məntəqəsi yaradılıb. Fiziki imkanları məhdud, ahıl insanların və yataq xəstələrinin müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə həyata keçirir. Aksiyanın yüksək səviyyədə aparılması üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, kənd xəstəxanaları, həkim tibb məntəqələri, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.

Qrafikə uyğun olaraq bütün rayon sakinləri, idarə, müəssisə və təşkilatlarda işləyənlər tibbi müayinələrə cəlb edilir. Fevralın 15-dən bəri 15272 nəfər həkim müayinəsindən keçib. Vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi zamanı xəstəliyi müəyyən olunan 98 nəfər stasionar, 457 nəfər ambulator müalicəyə cəlb edilib, 32 nəfər isə Bakının ixtisaslaşdırılmış səhiyyə ocaqlarına göndərilib.