Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əhalinin tibbi və ekoloji maarifləndirilməsi Bilik Fondunun diqqət mərkəzindədir

07 Mart 2017
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Sosial, tibbi-ekoloji maarifləndirmə bölməsinin iclası keçirilib.

İclasda fondun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri professor Teymur Qafarov, Milli Məclisin deputatı, Nardaran Bilik Evinin müdiri Dilarə Cəbrayılova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji Layihələr İdarəsinin rəisi Rövşən Fətullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev, Azərbaycan Tibb Universitetinin professoru Səfixan Həsənov, AMEA Geologiya və Geofizika İnstitutunun direktor müavini Samir Məmmədov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri professor Adil Əliyev iştirak ediblər.

Gündəlik üzrə fondun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar ölkənin müxtəlif bölgələrində maarifləndirici tədbirlərin təşkili və “Ekoloji maarifləndirmə” proqramı üzrə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda layihənin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Bilik Fondunun icraçı direktoru O.Səmədov tədbir iştirakçılarına hər iki proqram barədə məlumat verib, əhali arasında sağlam həyat tərzinin təbliği, müasir dövrdə aktuallığı ilə seçilən ekoloji problemlərin geniş müzakirəsinin və həlli ilə bağlı atılan addımların müvafiq qurumlar tərəfindən əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

İ.Vəliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb, onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına verdiyi layiqli töhfələri vurğulayıb.

Çıxış edənlər Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yaxın günlərdə Bilik Fondunun Nardaran Bilik Evində yerli ziyalıların iştirakı ilə keçirilməsini təklif edib, tədbirin ətraf kəndlərin ziyalı və gəncləri cəlb olunmaqla yüksək səviyyədə təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

İclasda ölkəmizdə, xüsusilə də Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləri kimi ərazilərdə mövcud olan və tədqiqinə böyük ehtiyac duyulan palçıq vulkanlarının hərtərəfli öyrənilməsinin stimullaşdırılması və onların iqtisadi və müalicəvi əhəmiyyəti barədə əhalinin maarifləndirilməsi məqsədilə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda layihənin hazırlanması ilə bağlı məsələ ətrafında da fikir mübadiləsi aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev ekoloji problemlərin həllinə əhalinin geniş kütləsinin cəlb olunmasının vacibliyini vurğulayaraq bu sahədə maarifləndirmə işinin önəmindən danışıb.

Çıxış edən mütəxəssislər Azərbaycanın Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanındığını bildiriblər.

Professor Adil Əliyevin sözlərinə görə, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanından 350-si Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanlarının həm tibbi-kosmetoloji, həm də turizm sahəsində əhəmiyyəti də vurğulanıb.

Bilik Fondunun Koordinasiya Şurasının üzvləri yaxın zamanlarda palçıq vulkanlarının mövcud olduğu əraziyə elmi turun təşkil ediməsi və bu məkanda müvafiq mövzuda elmi-praktik seminarın keçirilməsi barədə qərar qəbul ediblər.