Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Müasir Azərbaycan qadını” layihəsi “Loqos”un uğurudur

07 Mart 2017
 

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində üç yaşını qeyd edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2017-ci ilin ilk uğurlu layihəsinə Gəncə şəhərində yekun vurdu.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il mart ayının 2-də Bakıda fəaliyyətə başlayıb. Birinci mərhələdə nitq qüsuru olan uşaqlara psixoloji və loqoped xidməti göstərən mərkəzin yalnız Bakıda üç filialı fəaliyyətdədir. Son bir ildə Gəncə və Lənkəran şəhərlərində yaradılan filiallar Gəncə və Gəncə ətrafı rayonlara, həmçinin cənub bölgəsi əhalisinə yüksək səviyyədə psixoloji, psixo-pedaqoji və loqopedik xidmət göstərir.
Psixoloji sahənin həssaslığını nəzərə alan mərkəzdə kadr məsələsinə ciddi yanaşılır, burada öz işini dərindən bilən peşəkarlarla yanaşı, gənc kadrlar da çalışır. Bir növ psixoloji laboratoriya rolunu oynayan “Loqos” tələbələr, gənc psixoloqlar və bu sahəni öyrənmək istəyən həvəskarlar üçün davamlı olaraq kurslar təşkil edir, aktual mövzularda seminar və təlimlər keçirir. “Loqos”dakı yüksək iş keyfiyyətini nəzərə alan ali məktəb rəhbərləri psixologiya təhsili alan tələbələrin məhz burada təcrübə qazanmasına üstünlük verirlər.
“Loqos” dünya təcrübəsini dərindən öyrənir və uyğun metodları öz işində tətbiq edir. Mərkəzin dəvəti ilə dünyanın inkişaf etmiş ölkələrindən Azərbaycana gələn təcrübəli psixoloq və loqopedlərin təlimlərindən təşkilatın əməkdaşları ilə bərabər Bakı, Gəncə, Sumqayıt, Lənkəran və digər şəhərlərin psixoloqları, həmçinin uşaq həkimləri faydalanırlar. Psixoloji maarifləndirmə insanların psixoloji sağlamlığına xidmət göstərən “Loqos”un əsas prioritetlərindən biridir. Təşkilatın təcrübəli mütəxəssisləri tez-tez bölgələrdə olur, təhsil, səhiyyə müəssisələrində, uşaq evlərində təmənnasız təlimlər keçir, psixoloji məsləhətlər aparır, ehtiyacı olanlara psixoloji dəstək göstərirlər. “Loqos”un üç il ərzində həyata keçirdiyi layihələr yüzlərlə insanın həyatına rəng qatıb. “Psixologiya Akademiyası”, “Ailədən başlanan gələcək”, “Mənim ilk uğurum”, “Mənim ilk təcrübə məktəbim” layihələri bu qəbildəndir.
Cəmiyyətin, ailənin həyatında, uşaqların sağlam və hərtərəfli böyüməsində qadınların fəal rolunu nəzərə alan mərkəz iki ildir ki, “Müasir Azərbaycan qadını” layihəsini həyata keçirir. Bu layihənin əsas məqsədi sosial həyatdan uzaq düşən, öz gücünə, bacarıqlarına inanmayan qadınlara dəstək olmaq, onlara özünə, ailəsinə və nəhayət, cəmiyyətə faydalı olmağın yolunu göstərməkdir. Yanvar ayının sonunda start götürən layihədə iştirak etmək üçün beş yüzdən çox qadın “Loqos”a elektron müraciət etdi. Onların arasından səksən qadın seçildi. Seçimlər zamanı daha çox qaçqın-köçkün taleyi yaşayan, şəhid və itkin ailələrindən olanlara üstünlük verildi. Layihə çərçivəsində aktual mövzularda təşkil olunan dörd görüş səmərəsiz qalmadı. “Vətənpərvər Azərbaycan qadını” devizli ilk tədbirdə ürəyindən keçəni soruşmağa belə cəsarəti çatmayan evdar xanımların səsi son görüşdə kürsüdən yüksəlirdi. Özünə güvənməyi, insanlar arasına çıxmağı belə yadırğayan, sinəsinə şəhid dağı çəkilən, öz vətənində qaçqın taleyi yaşayan bir çox qadınların həyatında bu layihə, sözün həqiqi mənasında, dönüş nöqtəsi oldu. Həyat yoldaşı Xocalı soyqırımı zamanı əsir düşən Fəridə Cabbarova çətinliklərə dözüb övladları üçün yaşamağı bacarsa da ağır psixoloji zədələrdən xilas ola bilməmişdi. O, indi “Loqos”un rəhbəri Təranə Məmmədovaya, onu təkcə özünə yox, ətrafındakı insanlara da faydalı olmağın yolunu öyrədən psixoloq Elmira Mirzəyevaya çox minnətdardır. Çünki məhz bu insanların mənəvi, psixoloji köməyi sayəsində Fəridə və onun kimi qadınlar yenidən yaşamağı öyrəndilər.
Qeyd etdiyimiz kimi, layihə iştirakçılarının istəyi nəzərə alınaraq “Müasir Azərbaycan qadını-2” layihəsinə Gəncə şəhərində yekun vuruldu. Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə 300-dən çox qadın iştirak edirdi. İcra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ölkənin ictimai-siyasi, mədəni həyatında Azərbaycan qadınının fəal rolundan danışdı. Mərkəzin rəhbəri Təranə Məmmədova dövlətimizin qadınların hərtərəfli inkişafı üçün yaratdığı imkanlardan söz açaraq dedi ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadınının ictimai-siyasi, mədəni həyatdakı rolu çox yüksəlmişdir. Bu gün Azərbaycan qadını ana olmaqla yanaşı, dövlət quruculuğunda, diplomatiya aləmində, istehsalatda, elm, ədəbiyyat, mədəniyyət, səhiyyə sahəsində mühüm rol oynayır. Bütün bunlar ölkədə aparılan mükəmməl və uğurlu qadın siyasətinin nəticəsidir. Azərbaycan qadını ictimai-siyasi xadimdir, deputatdır, diplomatdır. Bizim qadınlarımız zərif olduqları qədər də güclüdürlər. Onlar həm analıq vəzifəsini şərəflə yerinə yetirir, həm də ictimai-sosial həyatın bütün sahələrində kişilərlə bərabər çalışırlar. Müasir Azərbaycan qadınının bəxti bir də onda gətirib ki, bizim qarşımızda hər sahədə örnək olan lider xanım var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətləri hər kəsə yaxşı bəllidir. Mehriban Əliyeva bu gün qadın hərəkatının önündə gedərək beynəlxalq tədbirlərdə Azərbaycan xanımlarını ləyaqətlə təmsil edir, ən yüksək tribunadan ölkəmizin reallıqlarını dünyaya çatdırır. Belə örnək biz qadınlara güvənc verməklə bərabər, həm də fəaliyyətimizə güclü stimul yaradır.
Azərbaycanla Bolqarıstanın dostluq əlaqələrindən danışan Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mayya Xristova Azərbaycan qadınlarının iradə və əzminə heyranlığını bildirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva “Loqos”un psixoloji maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Xüsusən də qadınların ictimai fəallığını artırmağa xidmət edən “Müasir Azərbaycan qadını” layihəsinin davamlı olmasını diqqətə çatdırdı. Daha bir millət vəkili Pərvin Kərimzadə Gəncə qadınlarının gündən-günə yeniləşən Gəncənin inkişafındakı rolundan söz açdı.
Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva ölkədə sahibkar qadınlar üçün yaradılan imkanlardan danışdı. Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin formalaşmasına təsiri, psixoloq Taciyə Mehdisoyun qadın psixologiyası mövzusunda çıxışları da maraqla dinlənildi.
Bakı Xoreoqrafiya Məktəbinin müəllimi, “Müasir Azərbaycan qadını” layihəsinin iştirakçısı İradə Salmanova bu layihədə ikinci dəfə iştirak etdiyini bildirərək dedi ki, belə tədbirlər sayəsində həyatımı yaxşıya doğru dəyişən çox şeylər öyrənmişəm. Yeni insanlarla tanış olmaq, həmişə ekrandan izlədiyin tanınmış elm, mədəniyyət, incəsənət xadimləri ilə fikir bölüşmək olduqca gərəklidir.

Gülgün QULİYEVA,
“Loqos”un əməkdaşı