Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cəbrayıldan olan 56 min 452 nəfər kütləvi pulsuz tibbi müayinədən keçiriləcək

06 Mart 2017
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, cəbrayıllı məcburi köçkünlər həm Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə, həm də məskunlaşdıqları digər 64 şəhər və rayonda kütləvi pulsuz tibbi müayinə olunurlar.

AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunun ərazisində salınmış qəsəbələrdəki səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinədən keçirilməsi üçün hər cür şərait yaradılıb. Humanist aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət həkim briqadaları yaradılıb, kompüter tomoqrafiyası, ultrasəs, exokardioqrafiya, qastroskopiya və digər müayinələr aparılır.

Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva AZƏRTAC-a bildirib ki, həyata keçirilən aksiya çərçivəsində qaçqınlar üçün salınmış 11 qəsəbədə 18 min 398 nəfər, ümumilikdə isə rayon üzrə 56 min 452 nəfərə yaxın əhalinin pulsuz profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. İcra hakimiyyətində yaradılan qərargah aksiyanın gedişinə ciddi nəzarət edir. Çalışırıq ki, rayon sakinlərindən bir nəfər də olsun humanitar aksiyadan kənarda qalmasın.

Tibbi müayinələr rayon mərkəzi xəstəxanası, 4 həkim və 6 tibb məntəqəsində aparılır. Aksiya başlanandan bu günə kimi qəsəbələrdə 4 min, ümumi rayon üzrə 9 min 552 nəfər cəbrayıllı tibbi müayinədən keçirilib. Müayinələr zamanı xəstəlik aşkar olunan 362 sakin ambulator, 92 nəfər isə stasionar müalicəyə cəlb edilib. 58 nəfər təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.