Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqlar onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunacaqlar

06 Mart 2017
Martın 6-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı gündəlik barədə məlumat verib.

Bildirib ki, gündəlikdəki məsələ Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən hazırlanmış ”Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsidir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, "Uşaq hüquqları" haqqında, "İctimai Televiziya və Radio Yayımı" haqqında, "Kütləvi İnformasiya Vasitələri" haqqında, "Telekommnikasiya haqqında" qanunlarına, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizdə uşaqların hüquqlarının və azadlıqlarının, uşaqların sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

A.Naxçıvanlı qeyd edib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. Birinci fəslin birinci maddəsi qanun layihəsinin əsas anlayışlarının mənasını ifadə edir. Birinci fəslin digər maddələrində isə qanunun təsir dairəsi və bu qanunun icra olunmasında dövlət orqanlarının vəzifələri əksini tapıb. Qanun layihəsinin ikinci fəsli 5 maddədən ibarətdir və burada informasiya məhsullarının təsnifatı yer alıb.

Bildirilib ki, Qanun layihəsinin 3-cü fəsli 6 maddədən ibarətdir. Bu maddələrdə informasiya məhsulunun dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, informasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə əlavə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər öz əksini tapıb. Qanun layihəsinin 4-cü fəsli 3 maddədən ibarətdir. Bu maddələrdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiya məhsulunun ekspertizasına aid tələblər öz əksini tapıb. Qanun layihəsinin 5-ci fəslində yer alan 4 maddədə isə qanunun yekun müddəaları verilib. Yekun müddəalarda isə bu qanunun pozulmasına görə məsuliyyət, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması sahəsində ictimai nəzarət və qanunun icrasına dövlət nəzarəti öz əksini tapıb.

İclasda çıxış edən deputatlar qanun layihəsinin əhəmiyyətindən danışıb, bir sıra təkliflər səsləndiriblər.