Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Füzuli rayonunda 987 nəfər ambulator, 38 nəfər isə stasionar müalicəyə cəlb olunub

05 Mart 2017
 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir. 

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əhalinin tibbi müayinəsi Füzuli Tibb Mərkəzində, Horadiz şəhər, Əhmədbəyli kənd, İkinci Zobucuq və Qayıdış qəsəbə xəstəxanalarında aparılır. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər.

Fevralın 15-dən indiyədək 8435 nəfər müayinə olunub. Onlardan 987 nəfəri ambulator, 38 nəfəri stasionar müalicəyə cəlb edilib, 18 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Dövlət başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti füzulililər tərəfindən minnətdarlıqla qarşılanır. Onlar vətəndaşların sağlamlıqlarının etibarlı şəkildə qorunması məqsədilə keçirilən aksiyanı yüksək qiymətləndirir, Prezident

İlham Əliyevin bu humanist təşəbbüsünə razılıqlarını bildirirlər.