Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Gənclər paytaxtı” Balakəndə məktəblilərin ənənəvi spartakiadasına start verilib

05 Mart 2017
 

2017-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” elan edilən Balakəndə martın 4-də rayon məktəblilərinin ənənəvi spartakiadasına start verilib.

AZƏRTAC xəbər verir ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan və on gün davam edəcək spartakiadada 500 nəfərdən çox məktəbli 11 idman növü üzrə mübarizə aparacaq.

Spartakiadanın Balakən Olimpiya İdman Kompleksində keçirilən rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, gənclər və idman idarəsinin rəisi Rasim Paçalov və başqaları çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar rayonda idmanın kütləviliyinin artmasına böyük töhfə verir. Vurğulanıb ki, Balakənin “Gənclər paytaxtı” seçilməsi bu il yarışlara marağı daha da artırıb.

Təbrik və çıxışlardan sonra rayonda idmanın inkişafında xüsusi əməyi olan 10 idman ustası və məşqçiyə qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra idman kompleksində atletika üzrə yarışlar başlanıb.

Spartakiadanın proqramına həmçinin minifutbol, şahmat, güləş, gimnastika, stolüstü tennis, boks, voleybol, basketbol və digər idman növləri üzrə yarışlar daxil edilib.

Məktəblilərin spartakiadası martın 15-dək davam edəcək.