Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

05 Mart 2017
 

Mağazadan dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon almışam. Müqavilədə yazılıb ki, pulu - məbləği tam ödəyənədək telefon mağazaya məxsus olacaq, yalnız tam ödəniş edildikdən sonra mənim mülkiyyətimə keçəcək. Bu şərt qanunidirmi? Belə halda mən telefonu başqa şəxsə sata bilərəm?

 

Mətanət Abbasova,

Bakı şəhər sakini

 

 

Ümumi qaydalarla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.1 maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququ alıcıya əşyanın alıcının sahibliyinə verilməsi anından keçir. 

Lakin qanunvericilik (Mülki Məcəllə, maddə 606.1) müqavilə tərəflərinə imkan verir ki, bağladıqları alqı-satqı müqaviləsində fərqli qayda nəzərdə tutsunlar. Sizin tərəf olduğunuz müqavilədə də belə bir şərt - mülkiyyət hüququnun saxlanması haqqında qeyd var. Bu o deməkdir ki, siz telefonun qiymətini tam ödəməyənədək, telefon satıcının mülkiyyətində qalmaqda davam edəcək. Bu məntiqlə, eyni zamanda, Mülki Məcəllənin 606.4 maddəsinin tələbi ilə  telefon mülkiyyətinizə keçənədək onu sata bilməzsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi