Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndiyədək Suraxanı rayonunda 30 mindən artıq sakin müayinədən keçib

04 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fevralın 15-dən başlanılan əhalinin növbəti pulsuz müayinəsi Suraxanı rayonunda uğurla davam edir. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada sakinlərin pulsuz müayinəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Suraxanıda 216,2 min sakin və rayonda məskunlaşan 20,2 min məcburi köçkünün müayinədən keçirilməsi nəzərdə tutulub. İndiyədək 30,1 min rayon sakini tibbi müayinədən keçib, onlardan 1334 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 37 nəfər stasionar müalicəyə cəlb edilib, 93 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Qaraçuxur qəsəbəsindəki 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Əsaslı təmirdən çıxan səhiyyə ocağının poliklinikasında rayonun idarə və müəssisələrində, təhsil və tərbiyə ocaqlarında çalışanların, xüsusilə pensiyaçıların tibbi müayinəsinə xüsusi fikir verilir.

Müayinələr tərtib edilmiş qrafikə uyğun olaraq aparılır. Sakinləri terapevt müayinədən keçirəndən sonra ehtiyac yarandığı təqdirdə cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər də baxışdan keçirir.

İndiyədək xəstəxanada 4,5 min nəfərə yaxın tibbi müayinədən keçib, onların 283 nəfərində xəstəlik aşkar edilib, 14 nəfər stasionar müalicəyə cəlb olunub və 17 nəfər təkrar müayinə üçün paytaxt xəstəxanalarına göndərilib. Müayinə olunanlardan 1228 nəfərin laborator analizləri götürülüb, 138 nəfər EKQ, 625 nəfər rentgen, 179 nəfər isə UZİ müayinələrindən keçib.