Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şuxrat Salamov: “Azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar”

04 Mart 2017
 

Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda məşhur özbək tədqiqatçı Şuxrat Salamovla (Barlas) görüş olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ş.Salamovun imzasının Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyib. Vurğulanıb ki, Ş.Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir. Y.Mahmudov deyib: “Təkzibolunmaz və çoxlu sayda arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”.

Görüşdə özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar.

Ş.Salamov Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası”nı təqdim edib.

Xatırladaq ki, Ş.Salamov Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Y.Mahmudovdur.