Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

02 Mart 2017
Martın 2-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.

İclasda "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsi, həmçinin "Bələdiyyələrin status haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirə olunub.

Arif Rəhimzadə bildirib ki, 2007-ci ildə "Dövlət qulluqçularının enik davranış qaydaları haqqında", 2015-ci ildə isə "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar qəbul edilib. Bu qanunlarda dövlət və bələdiyyə qulluqçularının etik davranış qaydaları qanunvericilik səviyyəsində təsdiq edilib.

"Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır. Komitə sədri vurğulayıb ki, qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir.

"Bələdiyyələrin status haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciəti əsasında, bir iş günü müddətində arayış verirlər.

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanuna təklif olunan dəyişikliyə görə isə yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.

Hər üç qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.