Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyası Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

01 Mart 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə səfərdədir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində akademik A.Əlizadə Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) rəhbərliyi ilə görüşüb. Görüşdə nüvə fizikası və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məqsədilə müzakirələr aparılıb. AMEA-nın nümayəndə heyəti Böyük adron kollayderinin yerin təxminən 80 və 100 metr dərinliklərində fəaliyyət göstərən ALİCE (A Large Ion Collider Experiment) və CMS (Compact Muon Selenoid) detektorlarına səfər edib, orada aparılan tədqiqatlar haqqında ətraflı məlumatlandırılıb.

Akademik A.Əlizadə CERN-in fəxri qonaqları üçün nəzərdə tutulmuş kitaba ürək sözlərini yazıb.

Qeyd edək ki, Avropa Nüvə Tədqiqatları Təşkilatı dünyanın ən böyük yüksək enerji fizikası laboratoriyasıdır. Təşkilatın yaradılması haqqında razılıq Avropanın 12 ölkəsinin iştirakı ilə 1953-cü ildə Parisdə imzalanıb və bu qurum 1954-cü il sentyabrın 29-da işə başlayıb. Hazırda CERN-ə 20 üzv ölkə ilə yanaşı, müşahidəçi statuslu bir çox ölkə və beynəlxalq təşkilat daxildir. 2.500-dən çox daimi işçisi olan CERN 85 ölkənin 580 universitet və institutundan 8.000-dək fizik və mühəndislə əməkdaşlıq edir.