Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

01 Mart 2017
Martın 1-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova açaraq gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, həmçinin “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxildir.

Qeyd edilib ki, Milli Məclisin insan hüquqları komitəsi “Milli Məclisin komitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən onun səlahiyyətləri çərçivəsində hər il, il tamam olduqdan iki ay sonra Konstitusiya qanununda müəyyən olunmuş qaydada ombudsmanın parlamentə təqdim olunmuş illik məruzəsinə baxmalı və rəy verməlidir.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzəni təqdim edib. Bildirib ki, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Hesabat sənədi rəy verilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra Bahar Muradova gündəlikdə olan digər məsələlər barədə məlumat verib. Bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun 8-ci maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat” sözləri ilə əvəz edilir. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanunun isə 5-ci maddəsinin üçüncü hissəsində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini” sözləri “müvafiq icra hakimiyyəti orqanlarını” sözləri ilə əvəzlənir.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.