Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İdarəçilik Akademiyasında multikulturalizmə dair ixtisasartırma kursuna başlanılıb

01 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursuna başlanılıb.

DİA-dan AZƏRTAC-a bildirilib ki, kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb ediliblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev mühazirəsində qeyd edib ki, ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan məkan kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar. K.Abdullayev çıxışında multikulturalizm ənənələri haqqında fikirlərini bölüşüb: “Bu gün Azərbaycan multikulturalizmindən danışarkən ulu öndər Heydər Əliyevin “Multikulturalizm Azərbaycan xalqının canına, qanına xas olan bir dəyərdir” sözlərindən çıxış edirik. Prezident İlham Əliyevin xalqın milli dəyərlərinə sadiq qalaraq 2016-cı ili “Multikulturalizm İli” elan etməsi dövlətimizin hər bir vətəndaşının dünya dəyərlərinə hörmətlə yanaşmasının göstəricisidir. Azərbaycan multikulturalizmi Portuqaliyadan tutmuş İndoneziyayadək müxtəlif ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dininin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina ediblər. Bu, multikulturalizmə olan bədbin münasibətin nəticəsidir. Dövlətimizin başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir. Belə ki, multikultural cəmiyyətdə insan inkişafı və resursların idarəedilməsi və bu yöndə atılan addımlar da təqdirəlayiqdir”.

Kurslar martın 4-dək davam edəcək.