Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İntiqamınızı alacağıq: torpaqlarımızı azad etməklə, o yurdlara yenidən dönməklə!

28 Fevral 2017
 

Qışın qarlı-şaxtalı havasında bir dəstə qərənfili sinəmə sıxıb geniş küçə ilə yavaş-yavaş addımlayıram. Fikrim, xəyalım isə başqa bir aləmdədi... Qulağma qəribə səslər gəlir, sanki güllə vıyıltısı, mərmi gurultusu eşidirəm. Dönə-dönə baxdığım video süjetlər yenidən xəyalımda canlanır: ayaqyalın, başıaçıq bir ana qarlı meşədə itirdiyi körpə qızcığazını axtarır. Onun fəryadı, ah-naləsi yeri-göyü titrədir. Bu ürək dağlayan mənzərə xəyalımdan getməmiş gözlərimin önünə başqa dəhşətli görüntülər gəlir: o müdhiş 26 fevral gecəsində ayağı yer tutan hər kəs erməni faşistlərinin ölüm saçan güllələrindən qurtulmaq üçün Xocalıdan, isti yuvasından, doğma ev-eşiyindən baş götürüb qaçır. Yağış kimi yağan güllələr bir ananın həyatına nöqtə qoyur. Bəmbəyaz qarın üstünə yıxılan ana qanına qəltan edilmişdir. Anasının öldüyünü hiss etməyən, heç ölümün nə olduğunu anlamayan uşaq onu silkələyib ayağa qaldırmaq, qaçanlara qoşulub bu yerlərdən uzaqlaşmaq istəyir...…

Ürəyimə köz basan, vicdanımı göynədən xəyallar məngənəsində sıxıla-sıxıla sanki bir məchulluğa doğru yol gedirəm. Bir də başımı qaldıranda qarşımda Xocalıdan olan ananın qranitdən yonulmuş heykəlini görürəm: pərişan saçları çiyninə tökülmüş ana sanki bayaq meşədə axtardığı ciyərparasını son nəfəsində tapıb qucağına almışdı. Taqəti üzülmüş ana ayaq üstə güclə dayanır. Ananın yükü dağlar qədər ağırdır. Mənə elə gəldi ki, bu hüznlü ananın isti və doğma qucağına Xocalıda erməni gülləsinə tuş gələn, qızılgül qönçəsi kimi açmadan solan bütün körpələr sığınmışdır...…

Kipriklərimdən süzülən göz yaşları yanağımda iz açır. Qırmızı qərənfilləri heykəlin önünə qoyub bir övlad məhəbbətiylə qarşısında ehtiramla baş əyirəm. Ürəyimdəm keçən fikirlər dilimə süzülür. Astadan pıçıldayıram: ruhun şad olsun, ana! Əmin ol ki, övladların Xocalının və xocalıların intiqamını layiqincə alacaqlar. Özü də vəhşiliyə vəhşiliklə cavab verməklə deyil, işğal altında inləyən torpaqlarımızı son qarışınacan azad etməklə, o yurdlara yenidən əbədiyyətə qədər dönməklə!

 

Leyla QULUZADƏ,

şəhid Akif Abdullayev adına 211 saylı məktəbin şagirdi