Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhidlərin xatirəsi əziz tutulur

28 Fevral 2017
 

Biz cəbhə bölgəsində yaşayırıq. Atəşkəs demək olar ki, hər gün pozulur. Elə gün olmur ki, güllə səsi eşitməyək. Artıq buna adət etmişik. Nankor qonşularımızın - ermənilərin başladıqları ədalətsiz Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, şəhərlərimiz, kəndlərimiz odlara qalanıb viran qoyulmuşdur. Müharibə isə qansız-qadasız olmur. Bu müharibədə  vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını, qanını əsirgəməyən nə qədər qəhrəman oğullarımız şəhid getdi. Şəhidlik zirvəsinə ucalıb əbədiyyətə qovuşan qəhrəman vətən oğullarının xatirəsi hər yerdə olduğu kimi, bizim Hindarx qəsəbəsində də həmişə əziz tutulur, sonsuz məhəbbət və ehtiramla yad edilir.

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün qəsəbədə abidə kompleksi inşa olunmuşdur. Neçə il əvvəl tikilmiş kompleksdə keçən il təmir, abadlıq işləri görüldü. Ərazidə səliqə-sahman yaradıldı. Hər kəsin  ürəyincə olan bu işdə qəsəbənin sakinləri fəal iştirak etdilər. Bu abidə kompleksi qəsəbə sakinlərinin müqəddəs ziyarətgahına çevrilmişdir. Qəsəbədəki orta məktəblərin şagirdləri də bu məkanı tez-tez ziyarət edirlər. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyi özlərinə şərəfli vəzifə bilən müəllimlər abidə önündə şagirdlərə şəhidlərimizin qəhrəmanlığından bəhs edən maraqlı söhbətlər edirlər.

Onu da deyim ki, ilin bütün fəsillərində abidənin önündə tər güllər görmək olar. Bu, şəhidlərimizin xatirəsinə Hindarx camaatının məhəbbət və ehtiramının ifadəsidr.

 

Qaryağdı  QARAYEV,

Ağcabədi rayonu Hindarx qəsəbəsi, 1 saylı tam orta məktəbin direktoru