Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

YDM içindən yol salan sürücülər ətrafa təhlükə saçır

28 Fevral 2017
 

Bakıdakı Azadlıq və Ziya Bünyadov prospektlərinin  kəsişməsində, körpünün düz tinində, “Xutor” adlanan əraziyə doğru haçalanan yolun üstündə yanacaqdoldurma məntəqəsi (YDM) var.  Bu YDM-in bir parçası faktiki olaraq  yolun hərəkət hissəsindədir - arada nə səki var, nə də bir ayırıcı zolaq. Şübhəsiz, YDM-lərin bilavasitə yollara  yaxın qurulması təhlükəlidir. Bu barədə çox danışılıb, çox deyilib. Amma qeyd  olunan yerdəki  YDM-i daha təhlükəli edən başqa bir amil də meydana gəlib: son dövrlər yol-hərəkət qaydalarını pozan  sürücülər  bu YDM-in içindən keçməklə  özləri üçün “yeni” yol  salıblar. Halbuki Xutor tərəfdən körpüyə doğru gələn avtomobillər  yalnız sağa hərəkət edə bilərlər. Bu, məcburi hərəkət istiqamətini göstərən, həmçinin YDM-ə və körpünün altına girişdə quraşdırılmış “Giriş qadağandır” yol nişanları ilə təsbit edilib. Üstəlik, şaquli nişanlama ilə - çəkilən bütöv xətlə  sola hərəkət, YDM-ə giriş qadağandır. Buna baxmayaraq, pik saatlarda, xüsusilə də səhər tezdən   sürücülər kütləvi şəkildə qaydaları pozur, YDM-in içindən hərəkət etməklə həm məntəqədə  təhlükə yaradır, həm də  qovşaqda tıxaca səbəb olurlar. 

Qaydalara əsasən, YDM-dən çıxan nəqliyyat vasitələri bütün istiqamətlərdə hərəkət edən avtomobillərə yol verməli,  yol boşalmadan  qovşağa girməməlidirlər.  Bu səbəbdən YDM-in içində “yol ver” nişanının quraşdırılması absurddur. Buna da əməl etməyən sürücülər YDM-dən  yolun hərəkət hissəsinə çıxır,  tunelin üstü, sağ cinahı, eləcə də körpünün altı  ilə hərəkət edən avtomobillərin qarşısını kəsirlər.

Yollarını qısaltmaq, vaxta, yanacağa qənaət etmək istəyən sürücülər nəzərə almalıdırlar ki, bunu başqalarını zaman və yanacaq itkilərinə məruz qoymaqla, ən başlıcası isə ətrafdakıların həyatını təhlükəyə atmaqla etməli deyillər.

İstənilən halda ictimai təhlükə doğuran bütün qayda pozuntuları yolverilməzdir. Bu səbəbdən  nə qədər ki  faciə, ağır qəza baş verməyib, qeyd edilən yerdə hərəkətin normal, qaydalar çərçivəsində təşkili üçün bütün zəruri tədbirlər görülməli, məsuliyyətsiz sürücülər məsuliyyətə cəlb olunmalıdır. 

 

Əlihüseyn VƏLİYEV,

Bakı şəhər sakini