Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri Milli Məclisdə olublar

27 Fevral 2017
Fevralın 27-də ölkəmizdə səfərdə olan Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev və qrupun üzvü Musa Quliyev demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizdə həyata keçirilən islahatlar, qanun yaradıcılığı prosesi barədə qonaqlara geniş məlumat veriblər. Söhbət zamanı Estoniyanın dost ölkə kimi həm Azərbaycanın ərazi bütövlüyünü, həm də Xocalı soyqırımını tanıması yüksək qiymətləndirilib.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişafı, beynəlxalq qurumlarda, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf münasibətlərin möhkəmləndirilməsində parlament diplomatiyasının mühüm rolunu vurğulayıblar.

Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndə heyətinin rəhbəri, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Einar Vallbaum bildirib ki, Estoniyanın Azərbaycanla hələ sovet dövründən yaxşı münasibətləri var və bu gün ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala sahibdirlər.

Qonaqlar Estoniyanın kənd təsərrüfatı, informasiya texnologiyaları sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduqlarını diqqətə çatdırıblar.

Görüşdə hər iki ölkənin iş adamlarına qarşılıqlı investisiya qoymağa çağırışlar səslənib.