Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xocalı faciəsi qan yaddaşımızdır

25 Fevral 2017
 

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Okinava Karate Federasiyasının birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

Xocalı soyqırımına həsr olunmuş video-çarxın nümayişilə başlayan tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Ermənistanın azərbaycanlılara qarşı tarix boyu soyqırımı törətdiyini xatırladaraq Xocalı qətliamının insanlıq tarixində qanlı səhifə olduğunu söyləyib. İ.Vəliyev bildirib ki, Xocalı soyqırımına bütün ölkələr hüquqi qiymət verməli və xalqımıza bu faciəni yaşadanlar layiqli cəzalarını almalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğalda olan torpaqları düşməndən təmizləməyə hazır olduğuna əminliyini ifadə edən Bilik Fondunun aparat rəhbəri əsgərləri hərbi dərsləri daha yaxşı öyrənməyə, döyüş texnikasının sirlərinə dərindən bələd olmağa çağırıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik-leytenant Kamran Nəsibov ötən il gedən aprel döyüşlərini xatırladaraq, Azərbaycan Ordusunun düşmənə gücünü göstərdiyini, nəticədə işğalda olan bəzi ərazilərin azad edildiyini, ermənilərin əsgərlərimizin şücaətindən sarsıldığını xatırladıb. K.Nəsibov Xocalı faciəsini heç vaxt unutmayacaqlarını, bu vəhşiliyi törədənlərin mütləq cəzalanacaqlarını deyib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Mərkəzinin direktoru, siyasət üzrə fəlsəfə doktoru Asif Usubəliyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərbələrdən,  tarixi mədəniyyət abidələrimizə vurulan ziyanın miqyasından danışıb.

Azərbaycan Okinava Qoçiryuryu Karate-do və Kobudo növləri Federasiyasının Prezidenti, VIII dan kəmər sahibi Tarverdi Allahverdiyev güclü idmançı ordusunun işğaldakı torpaqların qaytarılması üçün hər an döyüşə hazır olduğunu deyib. 

Kursantların çıxışının ardından federasiyasının idmançıları fərdi və kollektiv ustalıqlarını nümayiş etdiriblər.

 

“Azərbaycan”