Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Qərar qəbul edib

24 Fevral 2017
Fevralın 24-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Bütün şəhidlərimizə rəhmət diləyən parlamentin spikeri Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar çıxışında bu soyqırımını xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq, etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi adlandırdı. Qeyd olundu ki, bu siyasətin 200 ilə yaxın tarixi var. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləridir.

Sədr bildirdi ki, müəyyən dövrə qədər erməni şovinistləri havadarlarının dəstəyindən istifadə edərək öz niyyətlərinə qismən nail ola bilib, bu niyyətlə yüz minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Azərbaycanın əzəli torpaqlarında erməni dövləti qurulub, Qarabağda ermənilərə əsassız olaraq muxtariyyət verilib. Bir milyondan artıq soydaşımız öz əzəli dədə-baba torpağından qovulub. 25 ildir ki, Azərbaycan ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altındadır.

Milli Məclisin sədri vurğuladı ki, Xocalı soyqırımından əvvəl azərbaycanlıların yaşadığı kəndlərdə əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilib. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı işgəncə ilə öldürülüb. Onlarla adam girov götürülüb, kənd isə yandırılaraq yox edilib. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir.

Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verib. Azərbaycan Prezidentinin Fərmanı və Milli Məclisin Qərarı ilə Xocalı faciəsi soyqırımı kimi qiymətləndirilib. Hər il fevralın 26-sı saat 17-də 1 dəqiqəlik sükut elan olunur. Bununla yanaşı, XX əsrdə erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Sədr əminliyini bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gücünə arxalanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, Xocalı soyqırımı kimi faciələr bir daha təkrar olunmayacaq.

Sonra spiker Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlərdə Milli Məclisin iştirakından danışdı. Qeyd olundu ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 23 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Doqquz il bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını Milli Məclisin deputatları fəal surətdə dəstəkləyirlər. Beynəlxalq tədbirlərdə deputatlarımız Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin tanıdılması məsələsini diqqət mərkəzində saxlayırlar. Hər il deputatlarımız dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edirlər. Bu ölkələrin coğrafiyası ildən-ilə daha da genişlənir. Bu günlərdə Milli Məclisin deputatları Türkiyədə, Gürcüstanda, Qazaxıstanda, Fransada, Belçikada, İsraildə, Bosniya və Herseqovinada, Avstraliyada Xocalı faciəsinə həsr olunan tədbirlərə qatılıblar. Fevralın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirələr keçirilib. Milli Məclis faciənin 25-ci ildönümünə həsr olunmuş broşür hazırlayıb çap edib. Xocalı soyqırımı ilə bağlı sənədlər toplusu nəşrə hazırlanır və bu günlərdə işıq üzü görəcək.

Sədr çıxışının sonunda bildirdi ki, Azərbaycan öz ərazisinin bir hissəsinin qəsb edilməsi ilə heç vaxt barışa bilməz. Xalqımız Xocalı soyqırımını və digər faciələri heç zaman unutmayacaq, bu faciələr bizim qan yaddaşımızdan silinməyəcək. Bu vəhşiliyi törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək, layiq olduqları cəzalarına çatacaqlar. Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsinə gec-tez nail olacaq, Dağlıq Qarabağ üzərində suverenliyini bərpa edəcək.

Sonra Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Xocalı soyqırımının üstündən 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç zaman unudula bilməz. Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğınını XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə müqayisə etmək olar.

Birinci vitse-spiker bildirdi ki, Dağlıq Qarabağda Şuşadan sonra Xocalı şəhəri Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Burada Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş Axısxa türklərinin 54 ailəsi məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanmışdı. Hakimiyyət dairələrinin təhrik etdikləri davakar erməni şovinistləri Ermənistanın kütləvi informasiya vasitələrində, Yerevanda və Xankəndidə keçirilən mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Məqsəd Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış Azərbaycan xalqını qorxutmaq və onun mübarizə əzmini qırmaq idi.

1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı, Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsilə həyata keçirilirdi. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alındı. Dinc sakinlərin ikibir-üçbir və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi cəhdlərin də qarşısı alınırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə-yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü, 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər şikəst edildi, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar.

Ziyafət Əsgərov onu da vurğuladı ki, Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılıb, bu zaman hərbi texnikanın böyük bir hissəsi erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib. Onun fikrincə, çar Rusiyasının Cənubi Qafqazda apardığı müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət idi. İşğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirmək üçün çar Rusiyası İrandan və Osmanlı imperiyasından xristian ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair irimiqyaslı və uzunmüddətli planın həyata keçirilməsinə başlamışdı. Türkmənçay müqaviləsinə İranda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi barədə ayrıca bir maddənin daxil edilməsi çar hökumətinin bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyinə dəlalət edir. Təkcə 1829–1831-ci illərdə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İrandan 40 minə yaxın erməni köçürülüb. 1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməni gətirilib Azərbaycan torpaqlarında yerləşdirilib. XIX əsrin sonlarında isə artıq erməni şovinistləri məskunlaşdıqları ərazilərdə “Böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri sıxışdırıb çıxarmaq üçün də etnik təmizləməni bir vasitə olaraq seçdilər.

Tarixi faktlara əsaslanaraq çıxışını davam etdirən Ziyafət Əsgərov dedi ki, 1905–1907-ci illərdə İrəvanda və Zəngəzurda, Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1914-cü ildə Ərzurumda, Qarsda və digər yerlərdə dinc əhaliyə amansızcasına divan tutuldu. 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhali yenidən soyqırımına məruz qaldı. 1918-ci ilin mart soyqırımı zamanı təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirildi. İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edildi. Erməni cəza dəstələrinin vəhşilikləri nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmi 70 min nəfərə enib. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur Ermənistanın tərkibinə daxil edildi, nəticədə onun ərazisi 9,8 min kvadratkilometrdən 30 min kvadratkilometrə çatdırıldı. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edildi. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün yeni meydan yaradıldı, Cənubi Qafqazda baş verəcək və indiyədək davam edən yeni faciələrin əsası qoyuldu.

Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarıb. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail oldular.

1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, şəxsən Mixail Qorbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləmə aparmaq niyyəti ilə azərbaycanlıların elliklə yaşadıqları rayon və kəndlərə silahlı basqınlar etməyə, azərbaycanlıları ata-baba yurdlarından qovmağa başladılar. Bu arada SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq əməli törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Erməni millətçiləri insanların müxtəlif bədən üzvlərini kəsməklə, gözlərini çıxarmaqla, azyaşlı uşaqları dəmir boruların içinə doldurub hər iki ucunu lehimləməklə insana nifrət ideologiyasının baniləri olan ata-babalarının əməllərini özlərinə layiq şəkildə davam etdirmiş oldular.

Milli Məclis sədrinin birinci müavini bildirdi ki, Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunub, 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub. Dörd mindən çox adam əsir və itkin düşüb, girov götürülüb. 877 şəhər, kənd və qəsəbə qarət edilib, dağıdılıb və yandırılıb. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyon nəfərdən çoxdur.

Sədrin birinci müavini qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib. Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilir. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin müvafiq Qərarına əsasən 1994-cü il fevralın 24-də Xocalı soyqırımına siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü elan edilib. Bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.

Birinci vitse-spiker dedi: “Bu gün hər kəsə aydındır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaq. Əminəm ki, Ermənistan da öz qonşusuna qarşı düşmənçilik siyasətinin perspektivsiz olduğunu anlamağa məcbur olacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını ya xoşluqla, ya da zor gücünə geri qaytaracaq. Xocalı şəhidlərinin, digər şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları öz cəzalarına çatacaqlar”.

Sonra iclasda Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı müzakirələr aparıldı. Otuzdan çox deputat çıxış edərək XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımının dünyada tanıdılması, bu soyqırımını törədənlərin ədalət mühakiməsinə çıxarılması və layiqli cəzalarını almaları üçün birgə səylərin artırılması, eləcə də qondarma “erməni soyqırımı”nı tanıyan və bununla əlaqədar xüsusi qanun və qərar qəbul edən dövlətlərə qarşı layiqli cavab verilməsi ilə bağlı fikirlərini bildirdilər.

Çıxışlarda qeyd olundu ki, Xocalı soyqırımının səbəbkarları ilə bağlı Azərbaycan məhkəmələri konkret adlar çəkərək onlar barəsində qərar qəbul etməlidirlər. Bununla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılmalı və beləliklə, hüquqi presedent yaradılmalıdır.

Çıxışlarda Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitab, açıqca, broşür və digər məlumatların əhəmiyyətindən danışıldı. Bildirildi ki, Xocalı soyqırımının dünyada tanıdılmasında, beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və təbliğat işlərində çox işlər görülüb və görülməkdə davam edir.

İclasın sonunda Milli Məclis Sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarının mətnini oxudu.

Sənəd səsə qoyularaq qəbul edildi.