Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

20 Fevral 2017
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 11 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “Yeni Texnologiya AAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş mülkiyyət hüququna dair 2006-cı il 25 iyul tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ əsasında verilmiş 2011-ci il 20 avqust tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 11 noyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.