Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Haqqı bilmək azdır, onu başqalarına qəbul etdirməyi bacarmaq da önəmlidir

19 Fevral 2017
 

25 il qabaq  dünyanın gözü önündə tarixin ən qanlı, dəhşətli qətliamlarından biri -  Xocalı soyqırımı törədildi.   Azərbaycanlıların Ermənistandan, daha sonra Qarabağdan  zorakılıqla çıxarılması,  torpaqlarımızın işğalı  faciələrlə müşayiət edilsə də, bu prosesin əsl adı soyqırımıdır!  Çünki məqsəd təkcə ərazi zəbt etmək deyil, ilk növbədə   azərbaycanlıları  fiziki cəhətdən  qırmaq, əsrlərlə yaşadıqları torpaqlardan  qovmaq  idi. Bu - soyqırımıdır!  Özü də məqsədyönlü, mütəşəkkil və ardıcıl  şəkildə  Ermənistanın dövlət siyasəti səviyyəsində icra edilən  soyqırımı!

Xocalı faciəsi - soyqırımı  bəşəriyyətin üz qarasıdır. Bir böyük şəhər əhalisi ilə birlikdə  dünyanın gözü önündə  yer üzündən vəhşicəsinə  silindi!  Qaçıb canını qurtaranlar  oldu. Amma bir möcüzə sayəsində xilas ola bilməsəydilər, onlar  da süngüdən keçiriləcək, işgəncələrə məruz qalacaqdılar!  Dünya bütün bunlara nəinki göz yumdu, üstəlik  qulağını da tıxadı.  Hələ də bəzi dairələr Ermənistanı təcavüzkar olaraq tanımaq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə səy göstərmək istəmirlər. Görəsən, niyə? 

Ermənistan hər cəhətdən Azərbaycandan qat-qat  zəifdir. Deməli, erməni separatizminin, terrorunun, işğalının arxasında, əslində, başqa - daha güclü qüvvələr var. Məhz onların iradəsi və  dəstəyi, bilavasitə iştirakı ilə  Azərbaycan xalqına qarşı soyqırımı  siyasəti yürüdülüb, torpaqları işğal olunub. Məhz bu səbəbdəndir ki, haqqı duyan, söyləyən və tələb edən azdır. Əvəzində uydurma  “erməni soyqırımı”   haray-həşirini səngitmir, hər vəchlə gündəmdən düşməməsinə  çalışırlar.  Haqqı danır, yalana güc verirlər. Şahidi və iştirakçısı olduğumuz hadisələri belə həyasızcasına  təhrif edir, tarixi gözümüzün önündə saxtalaşdırmaq  istəyirlər.

Bu səbəbdən  Qarabağ  həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında   bütün məlumatlar, faktlar  sistemli və ardıcıl şəkildə informasiya bankında toplanmalı, dayanmadan dünyada təbliğ olunmalıdır.

Tarixi istinad  mənbələri yaradılmalı, mütəmadi olaraq zənginləşdirilməli, sanbalı artırılmalıdır.  Tarixin dərslərindən ibrət almaq lazımdır. Ötən əsrin əvvəllərində eyni vəhşət və zorakılıqla Azərbaycan torpaqlarını işğal edib, əhalisini soyqırımına məruz qoyanlar sonradan  tarixi saxtalaşdırıb  bu gün istinad etdikləri yalan dolu  “mənbələr” yaratmışdılar. İndi də buna cəhd göstərirlər. Sabaha hazırlıq görürlər.  Odur ki, informasiya, məlumat  mənbələrinin yaradılması, qorunması və zənginləşdirilməsi işini ciddiyə almalı, ideoloji-informasiya cəbhəsində elmi-texniki, texnoloji yeniliklərdən maksimum yararlanmalıyıq.   Bu, həm gələcək nəsillər üçün, həm də  erməni işğalına, terroruna, separatizminə qarşı başlayacağımız  əməliyyatlar zamanı  dünya üzrə ictimai rəyin haqqa tərəfdar olması üçün vacibdir.  Haqqı, ədaləti bilmək  azdır, onu başqalarına  qəbul etdirmək və  haqsızı susdurmağı, ifşa etməyi bacarmaq da önəmlidir.

 

Ərəstun  FƏTULLAYEV,

Bakı şəhər sakini