Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaldırıcı kran sökülərək məktəb ərazisindən çıxarılacaq

19 Fevral 2017
 

“Azərbaycan” qəzetinin 16 noyabr 2016-cı il tarixli nömrəsində “Sahibsiz kran təhlükə mənbəyinə çevrilib” sərlövhəli oxucu məktubu dərc edilmişdi. Müəllif  Bərdə şəhərində, internat məktəbin həyətində unudulmuş qaldırıcı inşaat kranının  yaratdığı  təhlükədən bəhs etmiş,  bədbəxt hadisə baş verməsin deyə, onun sökülərək  məktəb ərazisindən uzaqlaşdırılmasının vacibliyini vurğulamışdı.

Məsələyə Fövqəladə Hallar Nazirliyi münasibət bildirib. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən  Nəzarəti  Dövlət Agentliyinin rəisi S.QURBANOVun imzaladığı məktubda deyilir:

 

“Nazirliyin Sənayedə  İşlərin Təhlükəsiz  Görülməsi və Dağ Mədən Nəzarəti  Dövlət Agentliyinin Aran Regional müfəttişliyinin  mütəxəssisləri qeyd olunan  ərazidəki  krana rayon  icra hakimiyyətinin nümayəndəsi və məktəb  direktorunun iştirakı ilə baxış keçirərək akt tərtib etmişlər.

Uzun müddət baxımsız  qaldığı üçün kranın yararsız vəziyyətə düşdüyü  müəyyən olunmuşdur. Gələcəkdə  baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınması  məqsədilə kran sahibinin  müəyyənləşdirilməsi,  kranın sökülərək həmin ərazidən çıxarılması istiqamətində  tədbirlər görülməsi üçün rayon icra hakimiyyətinə məktub ünvanlanmış və icrası nəzarətə götürülmüşdür”.