Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zəngin ənənəli məktəb üçün yeni bina tikilir

19 Fevral 2017
 

Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb rayonun ən nüfuzlu təhsil ocaqlarından biridir. Burada müəllimlik peşəsinə ürəkdən bağlı olan, dərs dedikləri şagirdlərin bilikli, savadlı, mənəvi cəhətdən ləyaqətli insanlar kimi yetişməsi üçün gözünün yağını əridən müəllimlər çalışıblar və bu ənənə indi də uğurla davam etdirilir.

Elə bir salyanlı olmaz ki, Yunis Zərgərli adını tanımasın, onunla fəxr etməsin. Bu həmin Yunis Zərgərlidir ki, riyaziyyat fənninin tədrisi  metodikasını yaratmışdı. Adı-sanı respublikaya yayılmışdı. Əməyi yüksək qiymətləndirilmiş, ali dövlət ordenləri ilə təltif olunmuşdu. Tələbə qəbulu imtahanları zamanı imtahan götürən müəllimlər onun şagirdlərinin biliyinə heyran olar, Yunis Zərgərlinin pedaqoji nəticələrinə əhsən deyərmişlər. Salyanda öz zabitəsi ilə seçilən tədris təşkilatçısı Ağaməmməd Mirzəyev də xatirələrdə yaşayır. 2 saylı məktəbə uzun illər rəhbərlik etmiş Ağaməmməd müəllimin də müstəsna xidmətləri unudulmayıb. Bu təhsil ocağının tarixində belə pedaqoqlar az olmamışdır.

Lakin məktəbin binası çox köhnəldiyindən müasir tələblərə cavab vermirdi. Prezident İlham Əliyev keçən il 3 sentyabr tarixdə Salyana növbəti səfəri zamanı təhsil ocağı üçün yeni binanın tikilməsi barədə sərəncam imzalamışdı. Hazırda tikinti işlərinə başlanılıb, burada qızğın iş gedir. Məktəbin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Yeni məktəb müasir standartlara cavab verməklə ən yeni avadanlıqlarla təchiz ediləcəkdir. Bu da son nəticədə məktəbdə təlim-tərbiyənin daha da yüksəlməsinə şərait yaradacaqdır.

                                                                                 

Allahverdi PİRİYEV,

Salyan Rayon Ziyalılar Cəmiyyətinin sədri