Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diqqət və qayğıdan razıyıq

19 Fevral 2017
 

Kəndimiz Siyəzən rayon mərkəzindən xeyli aralıda yerləşir. Əvvəllər yay fəslində xeyli turist gələr, istirahətlərini burada keçirərdilər. İsti aylarda gecələr sərin, əhali qonaqpərvər, mehriban olduğundan kəndimiz cəlbedici idi. Amma sonradan çox şey dəyişdi: kənddə işıqlar tez-tez sönməyə başladı, sosial şərait ağırlaşdı, yollarımız yararsız hala düşdü. Keçid dövrünü əhatə edən o zamanlarda kəndə istirahətə gələnlər də xeyli azaldı...

Amma necə deyərlər, çətin günün ömrü az olar. Son illər bölgələrin inkişafına verilən önəm və abadlıq prosesi bizim kəndimizdən də yan keçməyib. Ardıcıl olaraq sosial-məişət problemləri aradan qaldırılıb. Kəndimizin yolu təmir edilib, yeni su xətti çəkilib. Ən başlıcası, təbii qaz verilib ki, bu da kəndlinin rifahını xeyli yüksəldib. İşıqlarımız da öz qaydasında - fasiləsiz yanır. Turizm də dirçəlməyə başlayıb - gəlib-gedən artıb. Bu, kəndli üçün əlavə gəlir, stimul deməkdir. Dövlət tərəfindən kəndimizə göstərilən qayğı və diqqətdən çox razıyıq.

Bu il qış sərt keçsə də, əhalinin əhvali-ruhiyyəsi yaxşıdır. Bayırda soyuq olmasına baxmayaraq, hamının isti ocağı, rahatlığı var. Belə şəraitdə təbiət daha füsunkar və romantik görünür.

 

İsmayıl MURADZADƏ,

Siyəzən rayonunun Sədan kənd sakini