Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə İran arasında mədəni-mənəvi əlaqələr yüksək səviyyədədir

17 Fevral 2017
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 17-də İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında mədəni-mənəvi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

Şeyxülislam Allahşükür Paşazadə İran ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərinin olduğunu bildirib. QMİ sədri ulu öndər Heydər Əliyevin hər zaman İran ilə münasibətlərə çox böyük önəm verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev də İran ilə əlaqələrin daha da inkişafını daim diqqətdə saxlayır.

A.Paşazadə həmişə Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İran tərəfinə təşəkkürünü bildirib.

İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Nazir ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Qarşılıqlı səfərlər zamanı ölkələrimiz arasında imzalanan sazişlərin önəmini qeyd edən Mustafa Purməhəmmədi iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirərək deyib: “İqtisadi və ticarət sahəsində olan əlaqələrin yüksələn xətlə inkişaf etməsi müsbətdir və gələcəkdə daha da genişləndirilməlidir”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.