Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp Obamanın qoyub getdiyi mirasdan şikayətçidir

17 Fevral 2017
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, onun sələfi Barak Obama istər ölkədə, istərsə də dünyada özündən sonra qarmaqarışıqlıq qoyub getmişdir. O, bu barədə mətbuat konfransında bildirmişdir.

Amerika lideri demişdir ki, həm hökumətdə, həm də iqtisadiyyatda çoxlu problem üst-üstə qalaqlanmışdır: “Doğrusu, mənə istər ölkədə, istərsə də xaricdə qarmaqarışıqlıq miras qalmışdır”. O, ABŞ-da çətinliklər arasında iş yerlərinin kənara sızmasını və aşağı əməkhaqqını qeyd etmişdir.

Trampın dediyinə görə, xaricdə - Yaxın Şərq və Şimali Koreyada qeyri-sabit vəziyyət müşahidə edilir. Bundan başqa, ABŞ Prezidenti İŞİD terrorçu təşkilatına toxunaraq onu xərçəng şişi ilə müqayisə etmişdir. “Amma biz bütün bunlara diqqət yetirəcəyik” deyə Tramp vurğulamışdır.

Ağ evin yeni sahibi sözünü davam etdirərək nəzərə çarpdırmışdır ki, onun administrasiyası ilk gündən yığılıb qalmış problemlərin həllinə başlamışdır. Eyni zamanda Tramp KİV-i hökumətin fəaliyyətinin müsbət nəticələrinin üstündən sükutla keçməkdə ittiham etmişdir: “Televizoru, qəzetləri açıram və görürəm ki, bizim işimizi hərc-mərclik kimi təsvir edirlər. Əslində isə hər sey əksinədir. Bu administrasiya əla köklənmiş mexanizm kimi işləyir, hərçənd  Konqres indiyədək kabineti tamamilə təsdiqləməmişdir”.