Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb

17 Fevral 2017
Fevralın 17-də Vergilər Nazirliyində “Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın imzalanması mərasimi keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Konvensiyanı Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Danimarka tərəfdən isə bu ölkənin vergilər naziri Karsten Lauritzen imzalayıblar.

Vergilər naziri Fazil Məmmədov ikiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini vurğulayıb. Danimarkanın vergilər naziri Karsten Lauritzen isə bu sənədin hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açacağını qeyd edib.

Son illər ölkəmizin ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu günə kimi 52 ölkə ilə müvafiq sazişlər imzalanıb. Bunlardan 48-si artıq qüvvədədir, digərləri isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir. Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə münasibətdə ayrı-seçkiliyə yol verilməyəcəyinə təminat verir. Dövlətlər üçün isə ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.

İkiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin geniş olduğu dövlətlərə xüsusi diqqət yetirilir. İndiyədək imzalanmış müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.

Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir.

Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.