Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həmsədrlər: 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsiri olmayacaq

17 Fevral 2017
ATƏT-in Minsk qrupunun həmsədrləri Münxendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərə dair birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşlərdə nazirlərlə qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyiblər və müharibənin seçim yolu olmadığını ifadə ediblər.

Bəyanatda, həmçinin qeyd olunur ki, həmsədrlər fevralın 20-də Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar. Həmsədrlər bir daha vurğulayıblar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır. Buna görə də həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər bəyanatda, həmçinin qeyd ediblər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir.

Bəyanatın yekununda bildirilib ki, həmsədrlər mart ayında regiona səfər etməyi planlaşdırırlar.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana