Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil siyasətin beynəlxalq təsdiqi

17 Fevral 2017
 

ABŞ-Rusiya ali hərbi danışıqları üçün Bakının seçilməsi Azərbaycanın dünyadakı nüfuzunun və ölkəmizə böyük hörmətlə yanaşıldığının təzahürüdür

 

Fevralın 16-da Azərbaycan dünyanın siyasi və hərbi dairələrinin maraqla izlədiyi bir görüşə evsahibliyi etdi. Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeri Gerasimov arasında görüş keçirildi. Bu, 2014-cü ildən sonra ABŞ və Rusiya arasında keçirilən ilk ən yüksək səviyyəli hərbi danışıqlar idi.

Dünyanın siyasi arenasında ağır çəkisi olan bu dövlətlər arasında onilliklər boyu mövcud olmuş siyasi-hərbi gərginlik bu gün də davam edir. Bununla belə, son vaxtlarda, xüsusən ABŞ-da prezident seçkilərindən sonra Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslər eşidilməkdədir. Cozef Danford və Valeri Gerasimov arasındakı Bakı görüşü isə bu istiqamətdə ilk addım sayıla bilər. Bu həm də ABŞ-da son prezident seçkilərindən sonra iki ölkə arasında ilk ali səviyyəli görüş idi.

Bu görüş üçün tərəflər ya ABŞ-ı, ya Rusiyanı, ya da üçüncü ölkəni seçməli idilər. Amma söhbət tarix boyu bir-biri ilə rəqabətdə olan iki rəqib ölkədən getdiyindən görüşün keçirilmə məkanının seçilməsi də siyasi əhəmiyyət kəsb edir. Görünən odur ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi sədrinin Moskvaya, onun rusiyalı həmkarının isə Vaşinqtona getməsi uyğun sayılmayıb. Deməli, bu görüş üçün üçüncü dövlət seçilməsi zərurəti yaranıb. Üçüncü dövlətlərin isə sayı kifayət qədər çox olsa da, tərəflər məhz Bakını seçiblər. Bunun səbəbləri müxtəlifdir.

Bakının seçilməsi ilə bağlı birinci səbəb Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe ilə bağlıdır. Azərbaycan beş il əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilib və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Respublikamız dünyada sülhyaratma prosesinə də qoşulub. Səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti isə bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycanın regionun və Avropanan enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biri olması daim Qərb dövlətləri tərəfindən etiraf olunur. Bu mənada ali hərbi ABŞ-Rusiya danışıqları üçün Bakının müəyyən edilməsi  Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin növbəti təzahürüdür.

Digər tərəfdən, Azərbaycan həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verən ölkə kimi tanınır. Humanitar forum üzrə Bakı platformasına dünyanın dörd bir yanından elm adamları, siyasətçilər qoşulublar. Azərbaycan regional münaqişələrin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bu yaxınlarda Rusiya ilə Türkiyə arasında müharibə astanasında olan gərginliyin aradan qaldırılmasında da Azərbaycanın mühüm rolu oldu. Hazırda Rusiya-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

İndi isə Azərbaycanın adı ABŞ-Rusiya münasibətlərinin yoluna qoyulması təşəbbüslərində çəkilir. Bakı bu dəfə də barışdırıcı missiya yerinə yetirir. Bu mənada ABŞ və Rusiya baş qərargah rəislərinin görüşü üçün Bakının müəyyən edilməsi onu göstərir ki, Azərbaycan tamamilə müstəqil, nə Rusiyanın, nə də ABŞ-ın təsir dairəsində olan dövlətdir. Bu gün dünya dövlətləri ABŞ və Rusiyanın müttəfiqləri qismində bölünüb. Ona görə ABŞ tərəfi Rusiyaya yaxın dövlətə, Rusiyanın baş qərargah rəisi isə hansısa Avropa ölkəsinə getmək istəməyib. Beləliklə, onlar görüş üçün müstəqil siyasət yeridən, heç bir hərbi bloka qoşulmayan Azərbaycana gəlməyə üstünlük veriblər.

Azərbaycan həm Rusiya, həm də ABŞ-la bərabərtərəfli münasibətlər qurub.  Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.  ABŞ və Rusiya ilə qarşılıqlı əməkdaşlıqda prioritet isə Azərbaycanın müstəqil siyasətidir. Ona görə ali səviyyəli ABŞ-Rusiya hərbi danışıqlarının Bakıda keçirilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir. 

Bu görüş üçün Bakının seçilməsi həm də təhlükəsizliklə bağlıdır. Təbii ki, söhbət iki böyük dövlətin ordusunun baş qərargah rəisinin görüşündən getdiyindən təhlükəsizlik məsələləri də önə çəkilir. Bu mənada görüş üçün Bakının seçilməsi Azərbaycanda təhlükəsizliyin də yüksək səviyyədə olmasının göstəricisidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”