Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cocuq Mərcanlı artıq dünyanın diqqətindədir

17 Fevral 2017
 

Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların nümayəndələri işğaldan azad edilmiş kənddə erməni vəhşiliyi ilə tanış oldular

 

Bu gün bütün ölkə vətəndaşlarının diqqəti Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yönəlib. Düz 24 ildən sonra bu kənddə həyat yenidən canlanmağa başlayıb. Prezident İlham Əliyev öncə kəndin bərpası üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, sonra isə Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı ilə 4,3 milyon manat vəsait ayırdı. Sevincinin həddi-hüdudu olmayan 200-dən çox Cocuq Mərcanlı ailəsi doğma kəndə qayıtmaq üçün ərizə ilə müraciət etdi. Bütün bunlar isə 1 milyondan çox məcburi köçkünümüzdə öz ata-baba yurdlarına dönəcəklərinə ümid və inam hissini gücləndirdi.

 

Erməni vandalizmi Cocuq Mərcanlının timsalında

 

Azərbaycan Ordusunun ötənilki aprel zəfəri nəticəsində minlərlə hektar torpağımızın, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması və Prezident İlham Əliyevin bu kəndin yenidən qurulması, yollarının bərpası ilə bağlı imzaladığı sərəncamlar Azərbaycanın Böyük Qayıdış Konsepsiyasına şübhə ilə yanaşanlara tutarlı cavab oldu. Hər kəs şahidi oldu ki, Prezident
İlham Əliyevin siyasi iradəsi nəticəsində Cocuq Mərcanlı kəndində bu gün kompleks bərpa tədbirləri həyata keçirilir, məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq qeyd etmişdir ki, bir neçə ay işğal altında olan Cocuq Mərcanlı kəndi ermənilər tərəfindən yerlə yeksan edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatı zamanı işğalçılar bu kənddən qovulsalar da, daşı daş üstündə qoymayıblar. Ona görə də beynəlxalq təşkilatlar bu mənzərənin şahidi olmalıdırlar: “Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər. İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video-fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır”.
Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq fevralın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu. “Reuters”, “Associated Press”, “Anadolu” və “İhlas” agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, “EurasiaNet”, “RİA Novosti”, “Sputnik”, “İnterfaks Azərbaycan”, EFE və digər media nümayəndələri kəndin ermənilər tərəfindən tamamilə dağıdıldığının və viran edildiyinin şahidi oldular. Media nümayəndələri Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşərək söhbət etdilər. Azərbaycan Prezidentinin məlum qərarı beynəlxalq aləmə səs saldı.
Fevralın 15-də isə dövlət başçısının tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu. Biz də diplomatlarla birgə bu yurda üz tutduq.

 

Daşı daş üstündə qalmayan yurdun ürək dağlayan mənzərəsi

 

Cocuq Mərcanlıdayıq... Bir zamanlar həyatın tam gücü ilə qaynadığı bu kənd indi xarabalığı xatırladır. 283 ev təsərrüfatı, məktəb, kitabxana, poçt, icra nümayəndəliyi, qaramal, qoyunçuluq fermaları, anbar və kolxozdan əsər-əlamət belə yoxdur. Doğru deyiblər, dağıtmaq, məhv etmək erməni xislətidir. Çünki cəmi dörd ay erməni vandallarının işğalı altında qalan bu yurdun daşı daş üstündə deyil. Talanaraq darmadağın edilmiş uçuq-sökük evlər, viran qoyulan kəndin mənzərəsi ürək dağlayır.
Yol boyu bir-biri ilə söhbət edərək deyib-gülən 60-a yaxın xarici diplomat indi gördüyü mənzərə qarşısında nitqi sükut vəziyyətdə dayanıb, təəccüb və təəssüf hissi ilə erməni vəhşiliyinə tamaşa edir. Bəlkə də onlar bir neçə saatdan sonra belə bir vəziyyətlə qarşılaşacaqlarını gözləmirdilər...
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diplomatlara ətraflı məlumat verərək öncə səfərin məqsədindən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən təşkil edilən bu səfərin məqsədi xarici diplomatların erməni vəhşiliyini öz gözləri ilə görməsidir. Cocuq Mərcanlının işğal tarixindən söz açan Əli Həsənov diqqətə çatdırdı ki, bu yurd Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndidir. Bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Cəmisi 5 ay işğal altında qaldıqdan sonra yenidən Azərbaycanın nəzarəti altına keçib. Lakin kəndə qayıtmaq mümkün deyildi. Çünki yaxınlıqdakı Lələtəpə adlanan ərazi işğal altında idi və o yüksəklikdən bu kənd daim Ermənistan ordusu tərəfindən atəşə tutulurdu. Ötən ilin aprel əməliyyatı zamanı Talış və Lələtəpə yüksəklikləri işğaldan azad edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi, tariximizin şanlı səhifəsi oldu. Lələtəpənin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti kəndin bərpası ilə bağlı sərəncam imzaladı. İlkin olaraq 50 mənzilin və bir məktəbin inşası üçün vəsait ayrıldı. Ümumilikdə bu il kənddə 200 evdən ibarət qəsəbənin salınmasına başlanılacaq: “Biz bilirik ki, işğal altında olan bütün rayonlarımız ermənilər tərəfindən yerlə yeksan edilib. İndi siz də öz gözlərinizlə erməni vandalizminin şahidi olursunuz. Görürsünüz ki, dörd-beş ay ərzində kənd necə dağıdılıb. Bu kəndin əvvəlki sakinlərindən biri olan Oqtay Həziyev cəmi beş ay məcburi köçkünlük həyatı yaşayıb. Kənd işğaldan azad olunan kimi Oqtay Həziyev öz ailəsi ilə birlikdə daim erməni ordusu tərəfindən atəş altında saxlanılan bu kəndə köçüb. Dağılmış evinin yerində özünə şərait qurub. 80 yaşlı anası ilə bu gün həmin evdə yaşayır”.

 

50 evin ərazisi martın əvvəlində minalardan tam təmizlənəcək

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəhbəri Qəzənfər Əhmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurum tərəfindən aparılan əməliyyat barədə məlumat verdi. Bildirdi ki, artıq 13 gündür minatəmizləmə əməliyyatı aparılır. Əməliyyat 300 hektar ərazidə həyata keçirilir. Yoxlanılan ərazi 71 min 66 kvadratmetr sahəni əhatə edir. 13 gün ərzində 19 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 85 466 kv.m ərazi (35 866 kv.m ərazi əllə və 49 600 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Əməliyyatlarda 90 əməliyyat işçisi, 10 minatəmizləyən it və 3 ədəd xüsusi mexaniki minatəmizləmə maşınından istifadə edilir: “Gələn ayın əvvəlində 50 evin tikilişi üçün nəzərdə tutulan ərazini tam təmizləyib təhvil verəcəyik ki, tikinti işlərinə başlanılsın. Ondan sonra digər 150 evin tikintisi üçün nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlayacağıq. Bundan sonra digər ərazilərdə, kəndin şərq hissəsində olan torpaq sahələrində də təmizləmə işlərinə başlanılacaq ki, əhali qayıtdıqdan sonra əkin sahələrində təhlükəsiz şəraitdə işləyə bilsinlər.
Ətraflı məlumat dinlənildikdən sonra qonaqlar ərazi ilə tanış olmağa başladılar. Yolumuzun üstündə duran Cocuq Mərcanlı kənd sakini 14 yaşlı Azadxanın sinəsinə basdığı telli sazında “Qarabağ şikəstəsi”ni yanıqlı-yanıqlı ifa etməsi hər kəsi duyğulandırdı.
Bir qədər tanışlıqdan sonra kənddə tikiləcək 96 yerlik məktəbin ərazisinə çatdıq. Əli Həsənov məlumat verərək bildirdi ki, artıq məktəbin ərazisində qazma işlərinə başlanılıb: “İşğaldan əvvəl kənddə 290 ailə yaşayıb. Təbii artım hesabına ailələrin sayı indi 400-ə çatıb və onlar respublikanın müxtəlif regionlarında məskunlaşıblar. Artıq 250 ailə öz ərizəsi ilə kəndə qayıtmaqla bağlı müraciət edib. Kəndin ərazisində tikinti, əkin və otlaq sahələri üçün torpaq bölgüsü aparılıb. Bölgüyə əsasən 400 ailənin burada məskunlaşması üçün tikinti yeri müəyyən edilib. Kənddə bütün infrastruktur yaradılacaq. Hətta əvvəlkindən də gözəl olacaq. Bütün bu işlərlə bağlı Prezident İlham Əliyev göstəriş verib. Burada uşaq bağçası, məktəb, tibb, mədəniyyət obyektləri inşa ediləcək, su, qaz xətləri çəkiləcək”.

 

Hər bazar günü yeməyini Cocuq Mərcanlıda yeyən köçkünlər

 

Baş nazirin müavini diqqətə çatdırdı ki, Azərbaycanın məcburi köçkünləri öz doğma torpaqlarına hər zaman bağlı olublar. Aprel döyüşlərindən sonra müxtəlif rayonlarda yaşayan Cəbrayıl rayonundan olan məcburi köçkünlər hər bazar günü Cocuq Mərcanlıya baş çəkiblər: “Onlar evlərindən yemək-içmək götürüb bu kəndə gəlirlər. Doğma torpaqları üstünə xalça salaraq axşama kimi burada olur və sonra məskunlaşdıqları ərazilərə qayıdırlar. Bu, insanlarımızın torpağa, yurda bağlılığının göstəricisidir. Daim bizə suallar verirdilər ki, bu insanlar öz yurdlarına qayıdacaqlarmı? Elə təkcə Oqtay Həziyevin ailəsini misal göstərmək yetərlidir. 25 ildir güllə altında yaşayan bu ailə nümunədir. Bütün millətlər üçün doğulduqları yer doğmadır. Bizim milli adətlərimizdən biri də odur ki, doğulduğumuz yerə bağlılığımız çoxdur. Lələtəpə azad olunandan sonra 250 ailənin bu ərazilərə qayıtmaqla bağlı ərizə ilə müraciət etməsi bunun sübutudur. Azərbaycan Prezidenti dərhal bu kəndin bərpası ilə bağlı sərəncam verdi”.
Əli Həsənov bildirdi ki, bu səfərdən sonra Ermənistanın rəhbərliyi Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasına başlandığını aydın şəkildə görəcək. Serj Sarkisyan və bütün işğalçılar görəcək ki, Azərbaycan Prezidenti bir kənd azad olunan kimi onun tikintisinə başlayır. Bu, böyük qayıdışın başlanğıcıdır: “Azərbaycan və erməni xalqları tarixən birlikdə qonşuluq şəraitində yaşayıblar. Bəzi beynəlxalq təşkilatlar münaqişənin həllindən sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı suallar verirlər, bəzən müəyyən münaqişə yaşanacağını deyirlər. amma belə deyil. Erməni xalqı da bu münaqişədən yorulub. Azərbaycan xalqı müharibə istəmir. Erməni ordusu işğal olunmuş əraziləri tərk edəndən sonra bu iki xalq yenə də mehriban şəraitdə yaşayacaq. Buna heç kimin şübhəsi olmasın. Bunu Serj Sarkisyan nə qədər tez başa düşsə, öz xalqına o qədər çox xeyir vermiş olacaq. Azərbaycan Prezidenti sülh danışıqları üçün imkanın tükənmədiyini düşünür. Hesab edirik ki, bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar, onların üzvləri Ermənistan rəhbərliyinə təzyiq göstərməlidirlər”.
Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş Atakişi Atakişiyev isə doğma kəndlərinin bərpasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Dünyada sülhün, əmin-amanlığın bərqərar olmasını arzuladığını deyən məcburi köçkün Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının bəşəri cinayət olduğunu vurğuladı.

 

80 yaşlı Minarə Hakıyevanın həyatı Azərbaycan analarının nümunəsidir

 

Sonra nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evində qonaq oldu. 23 ildir qorxmadan, çəkinmədən düşmənlə üz-üzə mətinliklə dayanan bu ailənin həyatı əsl vətənpərvərlik örnəyidir. Anası 80 yaşlı Minarə Hakıyeva kənd işğaldan azad olunan kimi oğlu ilə birgə geri qayıdıb. Minarə nənə deyir ki, doğma torpağında yaşamaq tam başqadır. Ulu öndər Heydər Əliyevin sayəsində öz doğma kəndlərinə qayıdıb qorxmadan yaşamağa davam ediblər. Bu gün isə Prezident İlham Əliyev kəndin bərpası üçün pul ayırıb. Tezliklə kənd camaatı gəlib öz yurdunda yaşayacaq. Bundan böyük sevinc hissi ola bilməz: “Tanrı Prezidentimizə cansağlığı versin. Onun sayəsində üzümüz gülür. Bayram bayrama qarışıb, uşaqlı-böyüklü hamımız qohum-əqrəbanın qayıtmağını gözləyirik. İnşallah, kəndimizin sakinləri qayıdıb gələr, yenə də camaatımız əvvəlki kimi bir yerdə olar”.
Oqtay Həziyev deyir ki, kənd işğal ediləndən sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Amma ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra qardaşı ilə birlikdə işğaldan azad olunmuş doğma kəndlərinə qayıdıblar: “Burada yaşamaq olduqca təhlükəli idi. Hər an ölümlə üzləşə bilərdik. Ancaq qorxmadıq, yaşadıq və bundan böyük qürur hissi keçiririk”.
Bu illərdə Oqtay Həziyev kənd təsərrüfatının əksər növləri ilə məşğul olaraq inkişaf etdirib. Maldarlıq, qoyunçuluq, taxılçılıq, arıçılıq və s. Hazırda ailənin 500 qoyun, 300-ə qədər toyuq-cücə, 50 baş mal-qarası var. 50 hektar ərazidə taxıl əkən Həziyevə məxsus 10 arı ailəsi də var. Eyni zamanda arpa, yonca və bostan bitkiləri də əkirlər.
Sonra diplomatlar ailənin sosial durumu ilə maraqlandılar. Elektrik enerjisinin, qaz, su təchizatının necə əldə edildiyi, uşaqların təhsil məsələsi soruşuldu. Həziyev bildirdi ki, uşaqlar orta məktəbə qonşu Mirzənağılı kəndinə gediblər. Cocuq Mərcanlı ilə arası təxminən 2 kilometrdir. Evin işığı, qazı, suyu da Mirzənağılıdan çəkilib. Bu kəndin camaatı da Həziyevlər ailəsinə həmişə diqqət göstərib.
Bəli, illərdir düşmənlə üz-üzə, onun gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan bu qeyrətli ailə ilə görüş xarici qonaqları çox heyrətləndirdi. Bizi isə həm kövrəltdi, həm də qürurlandırdı. Çünki bu, yurd sevgisinin bütün sevgilərdən ucalığını sübut edən ali bir məqam idi!

 

ABŞ səfiri və Qızıl Xaç Komitəsi nədən Cocuq Mərcanlıya getmədi?

 

Çay süfrəsi ətrafında söhbətdən sonra Baş nazirin müavini Əli Həsənov səfərlə bağlı jurnalistlərə geniş məlumat verdi. Bildirdi ki, dövlət başçısının tapşırığına uyğun olaraq təşkil olunan bu səfərdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Yalnız bir neçə səfir üzrlü səbəblərdən səfərə qatıla bilməyib. Ancaq ABŞ səfiri Bakıda olsa da, qeyri-müəyyən səbəblərdən bu səfərdə iştirak etmir: “Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər. ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməyə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət ediblər. Onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab Prezidentin məqsədi budur ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı, ATƏT və humanitar təşkilatların nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini hansı hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində, bir də var gözləri ilə görsünlər. Onlar gördülər ki, nəinki 25 ildə, cəmi bir neçə ayda bu kənd darmadağın edilib. Səfirlərə ətraflı məlumat verdik. Hər şeyi öz gözləri ilə gördülər. Evlərin necə dağıldığının canlı şahidi oldular”.

 

Cocuq Mərcanlının bərpa planı tam hazırdır

 

Əli Həsənov eyni zamanda vurğuladı ki, Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırdır. Qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enejisi, su xətti ilə bağlı texniki şərtlər də alınıb. Artıq bir məktəbin ərazisi seçilib və çox güman ki, yaxın zamanlarda təməlqoyma mərasimi keçiriləcək: “İki məktəb tikiləcək. Əvvəlcə 50 ailə üçün nəzərdə tutulan məktəb, sonra isə 150 ev üçün nəzərdə tutulan böyük məktəb tikiləcək. Ola bilər ki, ilk məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev də iştirak etsin.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin səyi nəticəsində bu gün Azərbaycanda işğaldan azad olunmuş kəndlərə böyük qayıdış başlayır. Ermənistanda isə əksinə, ölkədən kütləvi köç gedir. Ermənistan əhalisi bu gün təlaş içərisindədir. Ölkə çalxalanır. Ermənistan prezidentinin başında zərrə qədər ağıl varsa, o, heç olmasa, Cocuq Mərcanlı faktından nəticə çıxarmalıdır. Azərbaycan müharibə istəmir. Erməni xalqını güclə öz çirkin rejimi altında saxlayan ölkə rəhbərliyi yaxşı bilir ki, ermənilər müharibənin bitməsini arzulayırlar. 25 ildir humanitar yardımla yaşayan dövlətin marağı nədir görəsən? Nədən hər dəfə bəhanələr uydururlar?”
Baş nazirin müavini onu da vurğuladı ki, artıq Ermənistanın himayədarları, dünya erməni diasporu da yorulub. 3-4 yerdən idarə olunan dövlətin düşdüyü acınacaqlı vəziyyətdən qurtuluşu yalnız işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilərək sülh sazişi imzalamaqla baş verə bilər.
Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamından sonra Azərbaycanın böyük qayıdışa start verməsinin artıq bütün dünyaya səs saldığını söyləyən Əli Həsənov hesab edir ki, bu, dövlət başçısının apardığı prinsipial, qətiyyətli siyasətin nəticəsidir: “Fədakarcasına öz xalqının qeydinə qalan cənab İlham Əliyev hər yerdə xalqın mənafeyi naminə çıxış edərək bütün dünyaya bəyan edir ki, Azərbaycan xalqı sülhsevər xalqdır və müharibə istəmir. Ermənistanın faşist rejimi də bilir ki, bu xalq qonşuluqda yaşamağa məcburdur. Başqa yerə köçəsi deyil. “Böyük Ermənistan” xülyası ilə yaşayanlar bu ölkəni məhvə sürüklədilər və bu gün beynəlxalq təşkilatlar hər şeyi görürlər. Ona görə də bu ölkəyə təzyiq edib onu düz yola gətirməlidirlər. Əgər bu, mümkün olmasa, Azərbaycan öz torpaqlarını işğaldan gec-tez azad edəcək və Prezident İlham Əliyev tezliklə bütün Qarabağı böyük abadlıq-quruculuq meydanına çevirəcək”.

 

Rusiya səfiri Vladimir Doroxin: “Müharibənin nə dərəcədə ağır və çətin olduğunu gördük”

 

Əli Həsənovun ətraflı məlumatından sonra diplomatlar bir daha ərazidə aparılan işlərlə tanış oldular və beləcə, səfər başa çatdı. Bəzi ölkələrin səfirləri isə gördükləri mənzərə ilə bağlı öz təəssüratlarını bölüşdülər.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu səfəri çox yüksək qiymətləndirdi: “Bizim Cocuq Mərcanlıya bu səfərimiz çox əhəmiyyətlidir. Xarici ölkələrin səfirləri öz gözləri ilə həqiqətləri görə bilirlər. Bir var münaqişə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, bir də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən. Mən bir daha şahidi oldum ki, Azərbaycan dövləti sülh istəyir və öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin öz ev-eşiyinə qayıtması üçün əlindən gələni edir. Cocuq Mərcanlı kəndində başlanılan tikinti işləri də bunu bir daha təsdiqləyir”.
Cocuq Mərcanlı kəndinə səfər etməyin nümunəvi addım olduğunu vurğulayan səfir Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözləri ilə gördüklərini qeyd etdi. Səfir Rusiyanın bu münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyini bildirdi.

 

Fransa səfiri Orelia Buşez: “Gördüklərim məndə çox böyük təəssürat yaratdı”

 

Bu səfəri çox önəmli səfər adlandıran Fransanın Azərbaycandakı səfiri Orelia Buşez isə dedi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün variantlar tapılmalıdır: “Cocuq Mərcanlıda gördüklərim məndə çox böyük təəssürat yaratdı. Cocuq Mərcanlı nümunəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bir daha göstərir”.
Səfir bildirdi ki, ATƏT-in Minsk qrupunun üzvü olaraq Fransa münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

 

Bolqarıstan səfiri Maya Xristova: “Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq”

 

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova bu səfərə görə Prezident İlham Əliyevə və Baş nazirin müavini Əli Həsənova təşəkkür etdi. Səfir səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək dedi: “Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu gördük, hiss etdik”.
Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirdi.

 

İran səfiri Cavad Cahangirzadə: “Mən müharibənin nə olduğunu yaxşı bilirəm”

 

İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə isə bizimlə söhbətində bildirdi ki, Cocuq Mərcanlıya səfər onu çox təsirləndirdi: “Mən müharibənin nə olduğunu yaxşı bilirəm. Qaçqınlıq, məcburi köçkünlük həyatı heç də arzuolunan deyil. İran dövləti də müharibənin ağrı-acısını çəkib. İnsanlar öz yurdlarından illərdir ki, didərgin düşüblər. Hesab edirəm ki, bu münaqişənin tezliklə həll olunması hər iki dövlət üçün faydalı olar”.
Səfir qeyd etdi ki, Azərbaycan Prezidenti dəfələrlə xalqın sülh istədiyini bildirib, Azərbaycan müharibənin dinc yolla həll olunmasını arzulayır. Bu səbəbdən də qarşılıqlı kompromisə gəlinməlidir.
Cəbrayıl rayonuna səfər Cavad Cahangirzadə üçün xüsusi əhəmiyyətli olub. Çünki səfər zamanı öz ölkəsinin şimal-şərq hissəsinə də tamaşa edib.

 

Sudan səfiri Abu Elgasim Daif: “Cocuq Mərcanlının bərpası dünya ictimaiyyətinə çox mühüm mesajdır”

 

Sudanın ölkəmizdəki səfiri Abu Elgasim Daif isə qəzetimizə açıqlamasında səfərin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu səfər xarici diplomatlar üçün çox böyük əhəmiyyət kəsb etdi: “Biz Cocuq Mərcanlıya səfər edərək şahidi olduq ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş bir kəndin yenidən qurulmasına hansı formada səylər göstərir. Bu, istər dünya ictimaiyyətinə, istərsə də dünyada olan məcburi köçkünlərə çox mühüm mesajdır. Azərbaycan dünyaya mesaj verir ki, hələ də işğal altında olan torpaqlar var və həmin torpaqların azad olunması üçün səylər göstərilir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vacib addımlar atılmalıdır”.
Bəli, Azərbaycan Prezidentinin tövsiyəsi ilə Cocuq Mərcanlıya səfər edən xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq qurumların nümayəndələri bir daha Azərbaycan həqiqətləri ilə tanış oldular. Diplomatlar bir daha şahidi oldular ki, bu dövlət heç zaman bir qarış torpağını güzəştə getmək fikrində deyil. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində gec-tez işğal altında qalan torpaqların hamısı geri qaytarılacaq. Bu gün böyük qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycan dövləti tezliklə bütün Qarabağda abadlıq-quruculuq işlərinə başlayacaq.

 

Rəşad BAXŞƏLİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”