Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“26 günlük işgəncə və zülmdən öldüm... Ağdamda dirildim”

17 Fevral 2017
 

Hüseynağa QULİYEV: “Ermənilər əsirlikdə məni közdə qovurub buzla yandırdılar, qanıma qəltan edib şikəst qoydular”

 

Onu 25 ildir ki, Xocalı soyqırımının ürəkparçalayan görüntülərindən, şəkillərindən tanıyırıq. O, 26 gün erməni əsirliyində yaşadığı dəhşətləri, çəkdiyi işgəncələri elə indi də xatırlayarkən sanki həmin ağrı-acıları yenidən yaşayır. Həmin dəhşətli gecədə anası, həyat yoldaşı və azyaşlı əkiz oğlanları ilə erməni vandallarına əsir düşən bu şəxs Xocalı özünümüdafiə taborunun post komandiri olmuş Hüseynağa Quliyevdir. Ömrünün çiçəklənən çağında insanlığa sığmayan cinayətin şahidinə və qurbanına çevrilən Hüseynağanın ürək dağlayan həyat hekayəti bir daha təsdiq edir ki, bugünə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr Azərbaycan xalqının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına gətirilib. Qoy dünya bir daha erməni vandalizminin şahidi olsun.

 

26 fevral, ömrümün 26-cı qışı və 26 günlük əsirlik həyatı taleyimə qara hərflərlə yazılıbmış

 

- 1966-cı ildə Xocalıda anadan olmuşam. Çox qəribə həyatım var. Böyüdüyüm Xocalı şəhəri 25 il öncə fevralın 26-da, elə ömrümün 26-cı qışında yerlə yeksan edildi.
Ailənin tək oğlu idim. Ərköyün böyümüşdüm. Ailə qurmuşdum və iki yaş yarımında olan əkiz oğlanlarım vardı. Həmin dövrdə evin bir oğlu cəbhəyə aparılmırdı. Amma ürəyim dözmədi, könüllü olaraq özünümüdafiə taboruna yazıldım. Xocalının müdafiəsində iştirak edən Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət taborda az bir zamanda özümü doğrultdum və post komandiri təyin olundum. Bütün günü postda olurdum. Evə də getmirdim. Ailəm isə anamın yanındaydı. O zaman göstəriş verilmişdi ki, heç kim ailəsini Xocalıdan çıxarmasın. Həm əhali təşvişə düşməsin, həm də heç bir döyüşçü ailəsini qoyub gedə bilməsin.
Fevralın 25-də postda idim. Bir də gördüm zirehli texnikaların səsi gəlir. Ermənilər Xocalını mühasirəyə almağa başladılar. İki-üç saat keçmişdi ki, dəhşətli gülləbaran başladı. Başımızı səngərdən çıxara bilmirdik. Güllələrin əksəriyyəti yanan güllələr idi. Xocalının yuxarı hissəsində Fərqanə faciəsindən sonra Azərbaycana qaçıb gələn Ahıska türklərinə yeni evlər tikmişdilər. 200-ə yaxın ev var idi. Bir saat ərzində həmin evlərin hamısını darmadağın etdilər. Evlər od tutub yanırdı. İnsanlar artıq qaçmağa başlamışdılar. Tanklara, PDM-lərə qarşı avtomat silahlarla nə edə bilərdik? Məcbur olub geri çəkildik. Evə çatdım ki, heç kim yoxdur. Dedilər ailə üzvlərim camaata qoşulub gedib. Gəlib kəndin ayağında anamı, ailəmi tapdım. Silahım, ehtiyat güllələrim, qumbaralarım var idi. Xəbər gəldi ki, ermənilər əhalinin Xocalıdan çıxması üçün dəhliz yaradıblar, oradan keçib Ağdam istiqamətinə getmək olar. Ancaq mən bir hərbçi kimi düşündüm ki, vəhşi, azğınlaşmış erməni belə “ürəyiyumşaqdırsa”, niyə əvvəlcədən xəbər vermirdi ki, arvad-uşağı Xocalıdan çıxara bilək?! Hiss etdim ki, tələdir. Ona görə də meşə tərəfə üz tutduq. Həmin gün sanki Xocalı lənətlənmişdi. Möhkəm qar da yağmışdı. Qarqar çayına çatanda uşaqları qucağıma götürüb çayı keçdim. İnsanlar iki hissəyə bölündülər. Bir hissəsi erməni kəndinə doğru getdi. Nə qədər dedim, eşitmədilər. Bilirdim ki, ermənilər yenə hiylə işlədirlər. Onlar istəyirdilər ki, Xocalı faciəsinin bir nəfər də şahidi olmasın. Ona görə də hər kəsi öldürmək əmri verilmişdi.

 

Təslim olmamaq üçün hündür qayadan özümü atdım

 

Bir qədər getmişdik ki, atışma başladı. Uşaqları qoyub ön tərəfə qaçdım. İnsanların yarısı orada qırıldı, bir neçə adam isə özünü dağdan atdı. Ermənilər hər tərəfdə pusqu qurmuşdular. Hansı tərəfə gedirdiksə, qarşımıza çıxırdılar. Artıq güllələrimiz, qumbaramız bitirdi.
Bir qədər də irəli getmişdik ki, ermənilər dinc əhalini mühasirəyə aldılar. Dedilər, silahı yerə qoyun. Mən təslim olmaq istəmirdim. Çünki bilirdim ki, ələ keçsəm, onsuz da öldürəcəklər. Həm də hərbçi kimi təslim olsam, vətən xaini olacaqdım. Ölmək barədə düşünmürdüm, fikrim yalnız burdan sağ çıxmaq idi. Ona görə də silahı atmadım. Qarşımızda kiçik qaya vardı. Üç erməni önümüzdə dayanmışdı. Yanımda dayanan Məhəmməd kişiyə dedim ki, yerindən tərpənmə, yoxsa vuracaqlar. Amma ağsaqqal məni eşitmədi. Çıxan kimi onu güllələdilər. Cəsədi dağdan aşağı yuvarlandı.
Ermənilər elə bildilər ki, kişi təkdir. Mən də qayanın arxasından çıxıb onlardan birini vurdum, digərləri dərhal gizləndilər. Aşağı baxmadan qayadan tullandım. Elə bilirdim ki, o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın çoxluğu hesabına sağ qaldım. Özümü üstündən atdığım qayanın böyük hündürlüyü varmış. Bir qədər dayandım, sonra durub meşə tərəfə irəlilədim. Bir az getmişdim ki, yanımda nəsə partladı və huşumu itirdim. Ayılanda gördüm ki, üz-gözümdə qan yoxdur. Amma ayaqlarım getmir. Sən demə, hər iki ayağımı qəlpə deşib keçib. Güc-bəla ilə birtəhər getmək istədim. Amma ermənilər yuxarıdan məni görüb vurdular...

 

Ölənə qədər döyüb yanan ocağın üstünə atdılar

 

Ayılanda gördüm ki, ətrafım ermənilərdi. Məni sürüyə-sürüyə harasa saldılar və dedilər ki, hərbçi gətirmişik. Öncə məndən soruşdular ki, hərbçisən? Dedim xeyr, hərbçi deyiləm, fəhlə işləyirdim, ona görə bu paltarı geyinmişdim. İnanmadılar və 5-6 nəfər yenidən huşumu itirənə qədər vəhşicəsinə məni döydü. Bir də ayıldım ki, səhərdir. Donuz fermasındayam. Ailəm, qayınatamgil də burdadır. Əynimdəki hərbi gödəkcə yox idi. Düşündüm ki, ermənilər çıxarıb. Amma qayınatam dedi ki, gödəkcəmi onlar çıxarıb. Sən demə, ermənilər məni ölənə qədər döyüblər və elə biliblər ki, artıq ölmüşəm və yanan ocağın üstünə atıb gediblər. Qayınatam məni alovun içindən çıxarıb. Üst paltarımı dərhal soyundurublar. Əlim, ayaqlarım yanmışdı.
Səhər yenidən gəlib məni apardılar. Sorğu-suala başladılar: “İcra başçınız Elman Məmmədov da Xocalıda idi? Əlif Hacıyev də sizlə birlikdə idi?” Mən də deyirdim ki, həmin adamları tanımıram, görməmişəm, fəhlə işləyirdim, ona görə hərbi paltar geyinmişəm. Bilirdim ki, ermənilər bu şəxsləri axtarırlar. Çünki nə öldürdükləri, nə də girov götürdükləri şəxslərin arasında onları tapa bilmişdilər.

 

İşgəncədən sonra buz parçasının üzərinə qoyub bədənimi yandırırdılar

 

Hər gün saatlarla mənə işgəncə verirdilər. Günün saatından, axşam və ya səhərdən xəbərim olmurdu. O qədər işgəncə üsulundan istifadə edirdilər ki, gözlərim görmürdü. Daşla, armaturla sümüklərimə elə zərbələr vururdular ki, günlərlə özümə gələ bilmirdim. Bayırda buzdan işgəncə meydançası yaratmışdılar. Məni qanıma qəltan etdikdən sonra aparıb həmin buzun üzərinə qoyurdular. Aldığım zərbələrin ağrısı həmin buzun yanğısı qədər mənə acı çəkdirmirdi. Çünki buz parçasının üzərində bir qədər qaldıqdan sonra sanki bədənimin həmin hissəsini kəsirdilər. Birtəhər çevrilirdim, digər hissəm alışıb yanmağa başlayırdı. Kənardan baxıb gülürdülər.
Erməni qadınlar gəlib cavan və bir az salamat olan gəncləri seçirdilər. Həmin oğlanları aparıb atalarının, qardaşlarının qəbirlərinin üstündə başlarını kəsirdilər. Həyat yoldaşımın 17 yaşlı qardaşı Orucov Cavanı da yanımızdan götürüb apardılar. İndiyədək ondan bir xəbər yoxdur.
Bir gün məni də bir dəstənin içində qadınlara təhvil vermək istədilər. Amma qadının biri dedi ki, bunu istəmirəm, bu, artıq ölüdür. Çünki çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Salamat yerim qalmamışdı.

 

Əsirlikdə olan gəncləri hər gün aparıb “qurban” kəsirdilər

 

Qayınatam dedi ki, hərbi əsirləri dəyişirlər, xəbər verək, səni də dəyişsinlər. Dedim ki, bir də mənə belə söz demə. Burda öləcəyəm, ermənilərə sirr verməyəcəyəm. Çünki onlar hiyləgərdirlər. Qəsdən belə söz yayırlar ki, kim hərbçi olubsa, desin və ona işgəncə verərək hərbi sirlər alsınlar, sonra da başını kəssinlər. Bu sözlərimdən sonra kişi ağladı və bir də mənə söz demədi.
Beləcə, əsirlikdə olan gəncləri hər gün aparıb “qurban” kəsirdilər. Cavanlardan bir mən qalmışdım, bir də Faiq. Bir gün Faiqi bayıra çıxarıb ona 32 güllə vurdular. Edik adlı erməni içəri daxil olub mənə tərs-tərs baxdı. Yaxınlaşıb avtomatın lüləsini ağzıma necə soxdusa, dilimi uddum, bütün dişlərim qırılıb ağzıma töküldü. Qanım su yerinə axırdı. Dedi ki, çıxarın bayıra, bunu güllələyəcəyəm. Bayıra çıxanda gördüm ki, Faiq hələ can verir. 5-6 əlisilahlı erməni vardı. Dedim icazə verin onun çiynini divara söykəyim, canını tapşırsın. İcazə verdilər. Amma yanıma bir erməni gəldi. Faiqin kürəyini divara söykəyib yapışdım erməninin silahından. Çəkib silahı əlindən almışdım ki, arxadan başımdan armaturla vurdular və yenə huşumu itirdim. Bir az gec gəlsəydilər, silahı alıb qıracaqdım hamısını.
Bu vəziyyətdə mənə nə qədər zərbə vursalar da, heç birini hiss etməmişəm. Axırda Edik deyib ki, aparın kəsin başını. İki erməni məni sürüyə-sürüyə aparıb. Yolda elə biliblər ki, ölmüşəm və qarın üstünə atıb qayıdıblar. Sonra kimsə cəsədimi götürüb girovların saxlandığı yerə gətirib.

 

Anam Ağdamdakı meyitxanaya gəlməsəydi, orada öləcəkdim

Əsirlikdə keçən 26-cı gün saxlandığımız yerə kimsə gəlib məni soruşdu. Cavab verməyə halım olmadı. Bir az keçmişdi ki, həmin adamlar bir də gəldilər. Dedilər ki, Hüseynağa kimdirsə, cavab versin, onu dəyişirlər. Əlimi havaya qaldıra bilmədim. Yanımdakılar dedilər ki, burdadır. Baxdılar ki, artıq iş işdən keçib. Dedilər eybi yoxdur, təhvil verənə kimi sağ qalsın, bəsdir. Beləcə, gətirib məni dəyişdilər.
Ağdama keçəndə heç 20 metr gedə bilmədim, yıxıldım. Elə biliblər ki, artıq canımı tapşırmışam. Ona görə də aparıb Ağdamda meyitxanaya qoyublar. Üzərimə mələfə salıblar. Dayımla anam meyitxanada məni tapıblar. Dayım mələfəni qaldırıb ağlayaraq yenə üstümə çəkib. Üzümə işıq düşdüyünü hiss edirdim, amma dillənib “sağam” deyə bilmirdim. Anam qışqırır ki, balamın qarnı tərpənir, sağdı, sağdı...
Dayım əlini burnuma tutdu və gördü ki, nəfəsim gedib-gəlir. Dərhal Bakıya apardılar. Xəstəxanada dedilər ki, bir neçə gün ömrü qalıb. Çünki isti məni vurduqda başım, bədənim şişdi, gözlərim tutuldu. Amma Tanrı mənə ikinci ömür verdi. Balalarımı, həyat yoldaşımı da yaşadığım acılara görə mənə bağışladı. Ailəm də sağ-salamat dəyişdirildi.
Düz 25 il keçir o dəhşətli günlərdən. Yaşadığım işgəncələri heç bir qorxulu, dəhşətli filmlərdə belə izləməmişəm. Amma mən erməni vandalizminin qurbanı kimi o acıları hər gün çəkərək yaşayıram. Hələ də müalicə olunuram. Bircə onu bilirəm ki, ermənilər həyata keçirdikləri soyqırımı aktının şahidi olmasın deyə Xocalını yerlə yeksan etdilər. Amma Azərbaycanın igid oğullarına işgəncələr versələr də, sındıra bilmədilər. Bircə arzum var ki, tökülən qanlar yerdə qalmasın. İçimdə bir inam hissi var ki, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin prinsipial siyasəti məni bu arzuma çatdıracaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”