Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni islahatlar kursu beynəlxalq aləmdə təqdir olunur

16 Fevral 2017
 

Azərbaycanın qlobal böhran şəraitində əldə etdiyi uğurlar dünyanın nüfuzlu reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapır

 

Azərbaycanda iqtisadi-siyasi liberallaşmaya xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi yeni mərhələdə yürüdülən kursun əsas məqsədləridir. 2008-ci ildən başlamış və ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıdan qlobal maliyyə böhranının mənfi fəsadlarının aradan qaldırılmasına nail olunmayıb. Qlobal iqtisadi böhranın ciddi təsirlərinin müşahidə olunduğu indiki şəraitdə isə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib.
Ölkəmizdə çevik və işlək mexanizmlər əsasında həyata keçirilən iqtisadi islahatlar qlobal böhranın güclü təsirlərindən az itki ilə çıxmağa imkan yaradıb. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin yerinə yetirilməsinə imkan verib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir.
Prezident İlham Əliyev Azərbaycanı enerji resurslarından asılı olmayan güclü dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Bu strateji sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişafın dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2025-ci ilədək Azərbaycanda neftdən asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılmasını əsas hədəflərdən biri kimi önə çəkir. Qlobal böhran şəraitində reallaşdırılan inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.
Dünya bazarında neftin qiymətinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılmasıdır. Ötən il qlobal böhranın mənfi təsirlərinin azaldılması məqsədilə imzalanmış fərman və sərəncamlar da göstərir ki, ölkə başçısı orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən ölkələr milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin, nanotexnologiyaların səviyyəsinin yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.
Azərbaycanda aparılan uğurlu islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Prezident
İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib: “2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət.
Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək”.
Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.
Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da əhəmiyyətli sənəddir. Sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətində dayandırılması, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi sahibkarlığın inkişafına göstərilən dəstəkdir.
Prezident İlham Əliyev tərəfindən investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək. Sahibkarlığın inkişafına diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan syasətin məqsədyönlülüyündən xəbər verir.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi sabitliyin qorunmasının təmini, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişafı əldə edilən müsbət nəticələrdir. Qlobal maliyyə böhranı şəraitində ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Ölkəmizin bilavasitə təşəbbüsü ilə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyas alıb. Qitələrarası enerji layihəsi olan “Cənub qaz dəhlizi” bu baxımdan xüsusi diqqət çəkir. Bu enerji dəhlizi 2006-cı və 2007-ci illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi” uğurla icra edilir. Bu nəhəng enerji, iqtisadi layihələr gələcəkdə ölkəmizə böyük iqtisadi dividendlər gətirəcək.
Azərbaycanda həyata keçirilən kompleks islahatlar qeyri-neft sektorunun davamlı inkişafına stimul yaradıb. Respublikanın əldə etdiyi uğurların dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında əksini tapması ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir.

Elnur HACALIYEV,
“Azərbaycan”