Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nizami Gəncəvi adına Qızıl medal mühüm elmi nailiyyətlər qazanan alimlərə veriləcək

15 Fevral 2017
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin fevralın 15-də keçirilmiş növbəti iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrin elan edilməsi ilə bağlı məsələlərə baxılıb.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının vətəndaşlarının və əcnəbilərin ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərə görə Qızıl medalla təltif edildiklərini söyləyib.

Qeyd edilib ki, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə təqdim edilir.

Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın və AMEA-nın adlı mükafatları üzrə 2017-ci il üçün müsabiqələrin elan edilməsi haqqında qərarlar qəbul edib. Qərarlara əsasən, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlər haqqında təqdimat müvafiq sənədlərlə birlikdə martın 17-dək Ekspert Komissiyasına təqdim edilməlidir.