Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin insan hüquqları komitəsinin iclasında iki qanun layihəsinə dəyişikliklər müzakirə edilib

15 Fevral 2017
Fevralın 15-də Milli Məclisin insan hüquqları komitəsinin növbəti iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova açdı.

Vitse-spiker iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirdi. O qeyd etdi ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Bahar Muradova hər iki sənədin Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır, düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək.

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid hər iki sənəd barədə ətraflı danışdı. Qeyd edildi ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə aparılıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet informasiya ehtiyatlarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənir.

Qeyd edildi ki, “Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.

Deputatlar Yevda Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət Məmmədov, Flora Qasımova, Fazil Mustafa, Sona Əliyeva çıxış edərək hər iki sənədlə bağlı fikirlərini bildirdilər, qanun layihələrində mövcud olan bəzi məqamlarla bağlı təkliflərini səsləndirdilər.

İclasda iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd etdi ki, hər iki qanun layihəsi ölkəmizdə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verə biləcək sənədlərdir. Davamlı olaraq Azərbaycanda internetin, informasiya-kommunikasiya texnologiyalarının, informasiya cəmiyyətinin inkişafı qanunvericilikdə öz əksini tapır. Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni milli strategiyada da bu, təsbit olunub. Nazir müavini hazırda bu sahədə mövcud vəziyyətdən, uğurlu onlayn mühitin formalaşdırılmasından, bu sahədə nöqsanların aradan qaldırılması yollarından ətraflı danışdı. Sonda Elmir Vəlizadə deputatları maraqlandıran məqamlara aydınlıq gətirdi.

Komitə üzvləri qanun layihələrinə təklif olunan dəyişiklikləri məqsədəuyğun hesab etdilər və hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.