Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qlobal layihələr Azərbaycanın liderlik keyfiyyətlərini təsdiqləyir

14 Fevral 2017
 

2004-cü ildə ölkənin regionlarının sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramı qəbul ediləndən bəri Azərbaycanda ölkənin strateji maraqlarını təmin edən nəhəng layihələr həyata keçirilib. Hazırda həmin layihələr təkcə Azərbaycana deyil, regionda yerləşən digər ölkələrə də gəlir gətirir, onların arasında əməkdaşlığı dərinləşdirir, bölgədə sabitliyi möhkəmləndirir. Bu layihələr Azərbaycanın sözügedən sahədə liderlik keyfiyyətlərini ortaya qoyur.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: “Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni bizim inkişafımızı ləngidən xarici amillər idi”.
O illərdə Azərbaycan istehlak etdiyi elektrik enerjisinin və qazın bir hissəsini digər ölkələrdən alırdı. Bu da böyük vəsaitlər hesabına başa gəlirdi. Ona görə də birinci hədəf enerji müstəqilliyini təmin etmək idi.
Qısa müddətdə bu məqsədə nail olmaq böyük müvəffəqiyyətdir. Hazırda fəaliyyət göstərən 35 elektrik stansiyasından 26-sı birinci regional proqramın icrasına başlanandan sonra inşa edilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. Son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. Təkcə keçən il Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, İsmayıllı rayonunda “İsmayıllı-2” su-elektrik stansiyası, Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası istifadəyə verilib.
2006-cı ilin yayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tam sistem kimi istifadəyə verildi. Həmin vaxtdan indiyədək kəmər fasiləsiz işləyərək Azərbaycan neftini dünya bazarlarına nəql edir. Azərbaycanın sosial-iqtisadi inkişafında bu kəmərlə ixrac olunan neftdən əldə edilən gəlirlərin müstəsna rolu var. BTC ərazisindən keçdiyi tranzit ölkələrə - Gürcüstana və Türkiyəyə də gəlir gətirir.
BTC-nin bir böyük əhəmiyyəti də ondadır ki, digər qlobal layihələrə yol açıb. “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Azərbaycan və Gürcüstan ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) BTC ilə eyni dəhliz boyu uzanır. İndi CQBK genişləndirilərək “Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən birinə çevrilir.
Qədim zamanlardan neft diyarı kimi tanınan Azərbaycan məhz bu illər ərzində dünyada həm də qaz ixracatçısı kimi tanındı. “Şahdəniz-2”dən qaz alınandan və “Cənub qaz dəhlizi”nin kəmərlər halqası yaradılandan sonra Azərbaycan artıq Avropanın böyük bir hissəsini mavi yanacaqla təmin edəcək.
Yeri gəlmişkən, bu gün ölkədə qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb. Artıq elə ərazilərə qaz xətləri çəkilib ki, ora heç sovet dönəminin ən inkişaf etmiş illərində də qazlaşdırılmamışdı. Hələ mindən çox kənd qazlaşdırılmalıdır. Ona görə də bu proses cari il və gələn il davam edəcək. Bu il ən azı 80 kəndə qaz çəkilməlidir.
Abad kənd yolundan bəlli olar, deyiblər. Yeni yolların salınması və köhnə yolların təmiri şəhər və kəndlərimizi həqiqətən abadlaşdırıb. Dövlət başçısının dediyi kimi, “2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq”.
Buna görə də yol infrastrukturuna böyük diqqət yönəldilir. Həm magistral, həm də şəhər və kəndarası yolların müasir səviyyədə olması üçün ardıcıl işlər aparılır. Bu il kənd yollarının tikintisi ilə bağlı 40 layihə həyata keçiriləcək. Əgər hər layihənin bir neçə kəndi əhatə etdiyini nəzərə alsaq, necə böyük yol şəbəkəsinin yaradılacağını daha aydın təsəvvür etmək olar.
Digər önəmli layihələr su layihələridir. Su həyat və bərəkətdir. Qurulmuş infrastruktur hazırda Bakının fasiləsiz su təminatını 80 faizə çatdırmışdır. Ölkə üzrə bu göstərici 65 faizdir. Halbuki regionların inkişafı proqramlarına başlananda su ilə ümumi təminat 25-30 faiz təşkil edirdi.
Bu il ən azı 50 kənddə sutəmizləyici qurğular quraşdırılacaq. Çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular əhalinin su sarıdan korluq çəkməsinə son qoyub. Artıq 300-400 min nəfər insan bu imkandan istifadə edir.
Ölkə ərazisində dörd su anbarının tikilməsi də dövlət proqramları çərçivəsində görülmüş işlərdir. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları layihələrinin reallaşdırılması kənd təsərrüfatının inkişafına böyük təkan verir. Məhz həmin suvarma mənbələri aqrar sahəni stimullaşdırmaq üçün genişmiqyaslı meliorasiya tədbirləri görməyə imkan verir.
Əlbəttə, bu dəyərli infrastruktur layihələri böyük zəhmət və vəsait hesabına gerçəkləşmişdir. Bu barədə Prezident İlham Əliyev belə demişdir: “Bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək. Bu sahə də çox böyük investisiya tələb edən sahə idi. Hesab edirəm ki, bu sahədə əsas işlər görülübdür”.
Bu il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də davam etdiriləcək. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub nəqliyyat dəhlizi” kimi nəhəng layihələrlə bağlı öz üzərinə düşən vəzifələri isə artıq yerinə yetirib. Bütün bunlar ölkəmizin qlobal layihələrin həyata keçirilməsində liderlik rolunu bir daha təsdiqləyir.

Flora SADIQLI,
“Azərbaycan”