Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qədim Gəncə gəncləşir

14 Fevral 2017
 

Ötən il ölkəmizdə mühüm iqtisadi islahatlar həyata keçirilmiş, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunmuşdur. 2016-cı ili Gəncə üçün də uğurlu hesab etmək olar. Əksər sahələr üzrə inkişaf davam etmiş, aparılan abadlıq və yenidənqurma işləri şəhərin simasını başdan-başa dəyişmişdir. Yeni mədəniyyət obyektləri istifadəyə verilmiş, çoxmərtəbəli binalar əsaslı şəkildə təmir edilmiş, yaşayış məhəllələrində abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla icra olunmuşdur. Bunun da sayəsində qədim Nizami yurdu daha da inkişaf etmiş, əhalinin sosial vəziyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. 

Ümumi daxili məhsul istehsalı 859,5 milyon manata çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 2,2 faiz, yəni 18,8 milyon manat çoxdur. Əhalinin məşğulluğunun təmin edilməsi yenə də diqqət mərkəzində saxlanılmışdır. Respublikada sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncədə “Stadler” sərnişin vaqonlarının istehsalı zavodunun tikintisi üçün hazırlıq işlərinə, Bakı-Qazax avtomobil yolunun sağ tərəfindəki 15 hektar sahədə “NB Satınalma və Ticarət” MMC tərəfindən illik istehsal gücü 3,5 milyon kvadratmetr olan süni mərmər qranit və quru inşaat qarışıqları zavodunun və “MFK” MMC-nin illik istehsal gücü 30 milyon ədəd olan kərpic müəssisəsinin inşasına başlanmışdır.
Əvvəlki illərdə olduğu kimi, keçən il də Gəncə bir çox beynəlxalq tədbirlərə evsahibliyi etmişdir. Burada keçirilən IV Beynəlxalq Şərab Festivalında “Gəncə şərab-2” ASC-nin istehsal etdiyi “Roze” şərabı qızıl medala, “Hillside Saperavi” şərabı isə gümüş medala layiq görülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, zavodun kollektivi bu il üzüm bağlarını 15 hektar genişləndirmək niyyətindədir. “Gəncə cihazqayırma zavodu” ASC-də isə yenidənqurma işləri gedir. Müəssisə keçən il 450 min manatlığa yaxın müasir avadanlıq almışdır. Zavodda keçən il istehsal olunan məhsulun 2 milyon 787 min manatlığı xarici ölkələrə ixrac olunmuşdur.
Gəncəçayda suyun səviyyəsi qalxdığına görə çayın məcrasında inşa edilmiş evlərin köçürülməsi ilə əlaqədar 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün ayrılmış ərazidə kompleks tikinti işlərinə başlanılmış, bəzi küçə və prospektlərdəki qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeni binalar inşa edilmişdir. Tikilmiş binaların həyətlərində su anbarları, istilik sistemi üçün qazanxana inşa edilmiş, 630 kilovoltluq yeni transformator quraşdırılmışdır.
Yenidənqurma işlərinin davamı olaraq şəhərin elektrik təsərrüfatında da bir sıra işlər həyata keçirilmişdir. 20,2 kilometr uzunluğunda 10-6 kilovoltluq elektrik verilişi xətti, 826 transformator məntəqəsi əsaslı şəkildə təmir edilmiş, 17,9 kilometr uzunluğunda müasir tipli özüdaşıyan izolyasiyalı “SİP” naqilləri çəkilmişdir. Cavad xan qəsəbəsində 4, Məhsəti qəsəbəsində 2, Natəvan, Şıxzamanlı və Sadıllı qəsəbələrinin hər birində 1, Yeni Gəncə yaşayış massivində 2, mikrorayonlarda 2, Totanlı küçəsində 1 müasir tipli transformator quraşdırılmışdır.
Gəncə Qaz İstismar Sahəsi tərəfindən də mövcud qaz şəbəkəsinin təhlükəsiz istismarının təmin edilməsi, qaz itkisinin azaldılması və onun istehlakçılara davamlı şəkildə çatdırılması üçün bir sıra işlər görülmüşdür. İl ərzində qaz şəbəkəsinin qorunub saxlanılması və verilən mavi yanacağın təzyiqinin normalara uyğun saxlanılması məqsədilə ayrı-ayrı ərazilərdə 39 qazpaylayıcı şkaf və 8 siyirtmə yenisi ilə əvəz edilmişdir.
Su şəbəkəsində və kanalizasiya sistemində aparılan yenidənqurma işləri ilə yanaşı, mövcud şəbəkənin fasiləsiz işinin təmin edilməsi ilə əlaqədar “Sukanal” törəmə səhmdar cəmiyyəti tərəfindən təmir-bərpa işləri həyata keçirilmişdir. Ayrı-ayrı ünvanlarda müxtəlif diametrli magistral və məhəllədaxili su və kanalizasiya boruları, 60 su nizamlayıcı, 3 elektrik mühərriki və subartezian nasosu yenisi ilə əvəz olunmuşdur.
Şəhərin bir sıra sosial obyektlərində də təmir və yenidənqurma işləri aparılmışdır. 31 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmiş, 1 nömrəli və 44 nömrəli körpələr evi-uşaq bağçalarında yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir. Hazırda Məhsəti qəsəbəsində 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Şıxzamanlı qəsəbəsində 240 yerlik 25 nömrəli körpələr evi-uşaq bağçası isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə əsaslı şəkildə təmir olunmuş, müasir istilik sistemi, gigiyenik tələblərə cavab verən mətbəx və camaşırxana ilə təchiz edilmiş, ətrafında yaşıllıq salınmışdır.
30 nömrəli məktəbdə 1936-1939-cu illərdə fəaliyyət göstərmiş 20 nömrəli Təyyarəçilik məktəbində təlim keçən ispan təyyarəçiləri və onların təlimçilərinin xatirəsinə muzey yaradılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri - Azərbaycan Dövlət Aqrar Universitetinin 7 mərtəbəli 514 yerlik tələbə yataqxanası istifadəyə verilmiş, layihə çərçivəsində ikinci yataqxananın inşasına başlanılmışdır. Yataqxanada tələbələrin təhsili, istirahəti, idman və məişəti ilə bağlı bütün məsələlər öz həllini tapmışdır.
Ötən il Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası və infeksion xəstəxana, 6 saylı poliklinika əsaslı şəkildə təmir olunmuş, müasir tibb avadanlıqları ilə təmin edilmişdir.
Həyata keçirilən bu işlər regional dövlət proqramında nəzərdə tutulan tapşırıqların bir hissəsidir. Qarşıda görüləsi işlər hələ çoxdur. Mart ayının sonuna qədər 4 nömrəli internatın, 14 nömrəli orta məktəbin, 1 nömrəli peşə məktəbinin, 1 nömrəli liseyin istifadəyə verilməsi nəzərdə tutulub. 1 nömrəli uşaq bağçası gələn ay istifadəyə veriləcək. Bundan başqa, 1 nömrəli məktəbin və 2 nömrəli peşə məktəbinin də əsaslı təmirdən sonra may ayında açılışı gözlənilir. Gəncə Dövlət Filarmoniyasında isə artıq son tamamlama işləri görülür. Beşulduzlu hotelin və “Gəncə Mall” mərkəzinin tikintisində də işlər sürətlə davam edir. Şah İsmayıl Xətai prospektindəki beşmərtəbəli 4 binanın əsaslı təmiri isə bu il yekunlaşmalıdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”