Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqın Prezident İlham Əliyevə etimadı daha da artıb

12 Fevral 2017
 

Azərbaycan dövləti gücləndikcə vətəndaşlarımız özlərini daha rahat və təhlükəsiz hiss edirlər

 

Prezident İlham Əliyevin idarəçiliyində diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən bir ildə də qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.
Başqa sözlə, həyata keçirilən çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkib. Hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini hiss edən qətiyyətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürütməyə, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını toparlayır, vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dünya ölkələrini iflic edən qlobal maliyyə böhranı şəraitində həyata keçirilən islahatlar bu məqsədin reallaşdırılmasına hesablanıb.
Prezident İlham Əliyev Azərbaycanı enerji resurslarından asılı olmayan müasir və qüdrətli dövlətə çevirmək məqsədini deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Həyatın bütün sahələrini əhatə edən bu sənəd deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2025-ci ilədək Azərbaycanda neftdən asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılmasını əsas hədəflərdən biri kimi önə çəkir. Qlobal böhran şəraitində reallaşdırılan inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.
2016-cı ildə qlobal böhranın mənfi təsirlərinin azaldılması məqsədilə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə rəhbəri orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri də əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması və onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.
Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcə azaldıb. Ötən il kənd təsərrüfatı məhsulları istehsalı 2,6 faiz, qeyri-neft sənayesində 5 faiz artıb. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb.
Bütövlükdə görülmüş işlər barədə vaxtaşırı ölkə ictimaiyyətinə məlumatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.
Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir. Prezident komandasının hər bir üzvü üzərinə düşən tarixi məsuliyyəti dərk etməli, fəaliyyətini hər zaman cənab İlham Əliyevin elan etdiyi mütərəqqi prinsiplər əsasında qurmalıdır. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın ona olan inamını, etimadını daha da artırır. Ən nəhayət, Prezident İlham Əliyevin məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır. Cənab
İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan dövləti gücləndikcə insanlar da özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Hər bir ölkə vətəndaşı hiss edir ki, onun arxasında güclü Azərbaycan dövləti var və heç vaxt onu darda qoymaz.
Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün lazımi tədbirlər görür. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması da mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb.
Tezliklə bu yaşayış məntəqəsi bərpa olunacaq, orada yaşamaq üçün infrastruktur yaradılacaq və insanlar doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Böyük qayıdışın başlanğıcı olan bu addım xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş xəbərdir. Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirib. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır.
Ümumiyyətlə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev həmişə olduğu kimi, təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturunun, orada yaşayan vətəndaşların məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Azərbaycanda hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Elnur HACALIYEV,
“Azərbaycan”