Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cocuq Mərcanlı həsrətinə son qoyuldu

12 Fevral 2017
 

Elə bil üzümüzə gün doğub. İndi hamı bizim kəndimizdən danışır. Son günlər televiziya kanallarının da, qəzetlərin də əsas mövzusu Cocuq Mərcanlı kəndi ilə bağlıdır. Mən bu kənddə doğulmuşam. Uşaqlığım orada keçib. O yerlərlə bağlı yaddaşımda saysız-hesabsız şirin xatirələr var. Heç şübhəsiz, mənim ailəm kəndə birinci qayıdanlar sırasında olacaq.

Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı tarixi sərəncam bizlərə sonsuz yaşamaq həvəsi və ümidi verib. İşğal altında qalan bütün ərazilərimizin də tezliklə azad ediləcəyinə inamımız sarsılmazdır! Dövlət başçısının xeyir-duası ilə Qarabağa “Böyük Qayıdış” Cocuq Mərcanlıdan başlayır. Təkcə bu faktın özü bizi qürurlandırır. Biz bu günü çoxdan gözləyirdik.

Ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində Cocuq Mərcanlı Füzuli rayonunun xeyli yaşayış məntəqəsi ilə birlikdə hələ 1994-cü ildə Ermənistan silahlı qüvvələrindən geri alınmışdı. Amma orada yaşamaq çox təhlükəli idi. Kəndimiz Lələtəpə yaxınlığında yerləşirdi. Keçən ilin aprel ayınadək bu yüksəklik ermənilərin əlində idi. Mənfur düşmənlərimiz bu strateji yüksəklikdən Cocuq Mərcanlı kəndini daim nəzarətdə, atəş altında saxlayırdılar. Ordumuz aprel döyüşlərindəki qazandığı tarixi qələbə ilə müəyyən ərazi və əhəmiyyətli mövqeləri, o cümlədən Lələtəpə yüksəkliyini də işğaldan azad etdi. Bununla da doğma kəndimiz düşmənin atəş nəzarətindən xilas olundu.

İndi yüksək əhvali-ruhiyyə ilə köçə hazırlaşırıq. İnanırıq ki, çox keçməyəcək dövlətimizin qüdrəti, Prezidentimizin qayğısı ilə kəndimiz yenidən qurulacaq, Cocuq Mərcanlının bəxtəvər günləri yenidən başlayacaq.

 

 Atakişi ATAKİŞİYEV,

Cəbrayıl rayonu,

Cocuq Mərcanlı kənd sakini