Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni məktəb keyfiyyətli təhsil deməkdir

12 Fevral 2017
 

Kəndimiz füsunkar təbiəti ilə seçilir. Dağ ətəyində, gözəlliklər əhatəsində yaşamaq, əlbəttə ki, xoşdur. Hərçənd, bəzən burada müəyyən problemlərlə də üzləşirik. Bunu da əsasən elə bu gözəlliklərin sahibi - təbiət törədir...

 2012-ci ildə şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra bizim kənd məktəbinin binasının divarlarında iri çatlar əmələ gəlmişdi. Məktəb qəzalı vəziyyətə düşmüşdü. Təhlükə ciddi olduğundan valideynlər övladlarını ətraf kəndlərdəki məktəblərə köçürmüşdülər. Bu, həm valideynlər, həm də şagirdlər üçün əziyyətli idi. Xüsusilə payız-qış aylarında uzaq məktəblərə gedib-gəlmək çətin olurdu. Şübhəsiz, belə vəziyyət uşaqların  təhsilinə də mənfi təsir göstərirdi.  Şükür ki, artıq bu problem həllini tapmaq üzrədir: nəhayət, kəndimizdə yeni məktəb binasının inşasına başlanılıb. Layihəyə əsasən, kəndimizdə yeni və müasir, tam təchizatlı məktəb tikilir. İndi məktəbin müəllim və şagird heyəti tikintinin tezliklə sona çatdırılmasını və  yeni tədris ilini səbirsizliklə gözləyirlər.

Yeni və müasir məktəb keyfiyyətli təhsil deməkdir. Keyfiyyətli təhsil isə yüksək ixtisaslı mütəxəssis hazırlığının təməl daşıdır. Əlbəttə ki, bu, mütərəqqi dünyagörüşlü, savadlı və zəngin mənəviyyatlı vətəndaş tərbiyəsində də ümdə əhəmiyyətə malikdir.

Kəndimizin sayılıb-seçilən ziyalıları olub və indi də var. Artıq əminik ki, dövlətin qayğısı və diqqəti sayəsində bundan sonra da olacaq. 

 

Əli ABDULSƏMƏDOV,

Şəki rayonu,

 Baş Zəyzid kənd sakini