Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təşəbbüsümüz dəstəkləndi: yaşıllıq bərpa olundu

12 Fevral 2017
 

8-ci mikrorayon Sumqayıtın ilk və ərazi baxımından böyük yaşayış massivlərindəndir. Burada xeyli ağac əkilmiş, yaşıllıq zolaqları salınmışdı. İllər keçdikcə ağacların bir hissəsi quruduğu üçün kəsilmiş, yerləri boş qalmışdı. Bu səbəbdən qərara aldıq ki, boş yerlərdə yeni ağacların əkilməsi, yaşıllığın bərpası üçün əlaqədar təşkilatlara müraciət edək.

Sakinlərin imzası ilə şəhər icra hakimiyyətinə xahiş məktubu göndərdik. Bir qədər sonra aldığımız cavab hamımızı sevindirdi. Şəhər rəhbərliyi təşəbbüsümüzü dəstəkləmiş, köməyini əsirgəməyəcəyini bildirmişdi. Bundan sonra yaşıllaşdırma idarəsinin əməkdaşları əraziyə baxış keçirib iş planı hazırladılar.

Yanvarın sonunda həmin yerlərdə çalalar qazıldı, müxtəlif ağac tingləri gətirildi. Sakinlərin iştirakı ilə boş yerlərdə yeni ağaclar əkildi. İndi mikrorayon sakinləri həmin ağacları qayğı ilə qoruyurlar.

Yaxşı olardı ki, layihə ilə yaşıllıq üçün nəzərdə tutulmuş, lakin müxtəlif səbəblərdən indi boş qalan digər sahələrdə də ağac, gül kolları əkilsin, yaşıllıq zolaqları bərpa edilsin. Bu işdə əhali fəallıq, təşəbbüskarlıq göstərsə, icra orqanları onlara dəstək verər: bizim mikrorayonda olduğu kimi...

 

Aynurə BAXIŞQIZI,

Sumqayıt şəhəri, 8-ci mikrorayon sakini