Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməyib

12 Fevral 2017
 

Pərvanə Mirzəyeva “Azərbaycan” qəzetinə məktub yazaraq 2011-ci ildən bəri məhkəmə qərarlarının icra edilməməsindən şikayətlənmiş, redaksiyadan kömək istəmişdi. Ədliyyə Nazirliyindən məsələyə münasibət bildirilməsini və tədbir görülməsini xahiş etmişdik.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi Baş icra məmuru vəzifəsini icra edən Nurəddin Mustafayevin imzaladığı cavab məktubunda deyilir:

“Vətəndaş Pərvanə Mirzəyevanın məhkəmə qərarının icrası ilə bağlı “Azərbaycan” qəzetinin redaksiyasına etdiyi şikayət üzrə müraciətinizə baxılmışdır.

Bildirilir ki, Abşeron Rayon Məhkəməsinin 06.07.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, borclu “Fuad LTD” MMC-dən 31695 manat pul alınıb Pərvanə Mirzəyevaya verilməlidir.

İcra sənədi əsasında Abşeron rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış, tələb könüllü qaydada təmin edilmədiyi üçün borclunun əmlak və digər gəlirləri yoxlanılmış, lakin müsbət nəticə verməmişdir.

İcraat zamanı müəyyən edilmişdir ki, “Fuad LTD” MMC-nin direktoru Qasım Məmmədov barəsində 08.02.2013-cü il tarixində cinayət işi başlanılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 12.10.2016-cı il tarixində Q.Məmmədov vəfat etmişdir.

“Fuad LTD” MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən yarımtikilinin inşasının “Abşeron LTD-2013” MMC tərəfindən davam etdirildiyi və müvafiq məhkəmə qərardadına uyğun olaraq mənzillərin tikilərək borc əvəzinə tələbkarlara verilməsinin həmin cəmiyyətə həvalə edilməli olduğu müəyyənləşdirilmişdir.

İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu “Abşeron LTD-2013” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmiş və Abşeron Rayon Məhkəməsinin 25.05.2015-ci il tarixli qərarı ilə 3000 manat inzibati qaydada cərimə edilmişdir.

Lakin sonradan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınan məlumata əsasən, müəyyən edilmişdir ki, “Abşeron LTD-2013” MMC-nin fəaliyyəti dayandırılmışdır. Hazırda rəhbəri yoxdur.

Məhkəmə qərarının uzun müddət icra olunmamasının səbəbi borclu “Fuad LTD” MMC-nin direktorunun azadlıqdan məhrum edilməsi (sonradan vəfat etməsi), sonradan məhkəmə qərardadı əsasında öhdəliklərin yönəldildiyi “Abşeron LTD-2013” MMC-nin fəaliyyətinin dayandırılması, eləcə də sonuncunun hazırda rəhbərinin olmaması, habelə onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməməsidir”.