Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Quba Çuxur hamamı bərpa olunur

12 Fevral 2017
 

Qubada qədim, tarixi abidələr çoxdur. Onlardan biri XIX əsrdən yaxın zamana kimi fəaliyyət göstərmiş Quba Çuxur hamamıdır. Bu hamam Qubada çox məşhur idi.

Lakin ötən əsrin 80-ci illərində kanalizasiya sistemi sıradan çıxdığından hamam bağlanmışdı. Bundan sonra hamam uzun müddət baxımsız qaldı və müəyyən yerləri uçulub-dağılmağa başladı.

Tarixi abidənin və fəaliyyətdə olmuş hamamın bərpa edilməsi istəyi ilə dəfələrlə müxtəlif instansiyalara  müraciət etmişdik. Söz verilsə də, iş görən yox idi. Nəhayət, buna son qoyulub. Artıq hamamda təmir-bərpa işlərinə başlanılıb. Bərpa layihəsi bilavasitə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, beynəlxalq təşkilatlardan birinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

Biz - 1960-cı illərin gəncləri vaxtaşırı bu hamamın yaxınlığında yerləşən çayxanaya toplaşırıq. Elə əvvəllər də ora bizim görüş yerimiz olub. Mütəmadi olaraq  hamamda gedən bərpa işlərinin gedişi  ilə maraqlanırıq, ustalara mənəvi dəstək verir, köməyimizi təklif edirik.   Deyilənə görə, yaxın bir neçə ay ərzində  tarixi-mədəniyyət nümunəsi - Quba Çuxur hamamı yenidən istifadəyə veriləcək.

 

Məzahir MƏMMƏDOV,

Quba şəhər sakini